4 Mart 2020 14:12
1 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Furiddin Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Furiddin Mustafayev 19 mart 2019-cu il tarixdə, saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı Gədəbəyin Leşkər kəndində Novruz tonqalı ətrafında həmkəndlisi Röyal Orucovla zarafat edib.

Bu zaman Furiddin Mustafayev Röyal Orucovun boyun nahiyəsindən şillə vurub.

Daha sonra o, gecə saat 1 radələrində Gər-gər çayının körpüsü yanında Rövşən Orucovla qarşılaşıb. Rövşən ona “nə üçün qardaşımı döymüsən” deyə irad bildirib. İraddan xoşlanmayan Furiddin ona “yaxşı etmişəm” deyib. Onların aralarında narazılıq yaranıb.

Rövşən və Röyal Orucov qardaşları Furiddin Mustafayevi şillə və təpiklə döyüblər. İki qardaşın əlindən xilas olan Furiddin evə qaçıb. Evdə masasının üstündə olan bıçağı götürüb və küçəyə çıxıb.

O, qisas almaq məqsədilə qardaşların evinin yanına gedib, küçədə qaranlıq yerdə çəpərin yanında gözləyib.

Bir qədər sonra Orucov qardaşlarının gəldiyini görərək gizləndiyi yerdən çıxıb. Furiddin Mustafayev həmin bıçaqla Rövşən Orucova iki zərbə vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Furiddin Mustafayev polisin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

İstintaq orqanı tərəfindən Furiddin Mustafayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Furiddin Mustafayev 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Furiddin Mustafayev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın daha yüngül cəza ilə əvəz olunmasını xahiş edib.

Furiddin Mustafayevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Furiddin Mustafayevin şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər