Bakıda odlu silahla qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsairləndirilən Azər Orucovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclas martın 6-a təyin edilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 5-də gecə saatlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində baş verib.
Salyan rayon sakini Azər Orucov tanışı Ramal Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Atatürk prospektinə gələrək, “Vinçester” markalı ov tüfəngi ilə paytaxt sakini Ziyadxan Sədiyevə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirərək xuliqanlıq edib.
Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Orucov saxlanılıb.
O, ifadəsində törətdiyi cinayəti etiraf edərək hadisə zamanı yararlandığı odlu silahı Salyanda Kür çayına atdığını bildirib.
Polis bölməsində hal şahidlərinin iştirakı ilə Azər Orucovun üzərində şəxsi axtarış aparılan zaman ondan şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddələr olan metamfetamin və MDMA həbləri aşkarlanaraq götürülüb.