“Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin kasasiya şikayətinə baxılacaq.
Bu barədə Teleqraf.com-a Ali Məhkəmədən məlumat verilib.
Məlumata görə, Pərviz Həşimli və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun şikayətinə oktyabrın 11-də baxılacaq. Şikayət hakim Hafiz Nəsibovun icraatına verilib.
Qeyd edək ki, Pərviz Həşimli Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından şikayət verib. O, şikayətinə məhkəmə istintaqı ilə baxılmasını istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Pərviz Həşimli apelyasiya şikayəti verib və o, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Pərviz Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Hacı Zeynalov