Bakıda yaşayış evinə basqın etməkdə təqsirli bilinən Nicat Zeynalov və Həşim Quluzadə həbs olunublar.
Teleqraf.com xəbər verir ki, hər iki şəxs dostları Sahib Tağıyevlə birlikdə sonunucunun dayısı oğlunun evə basqın ediblər.
İttihama görə, ötən ilin avqustunda üç kişi üzlərinə maska taxaraq Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yaşayan 1991-ci il təvəllüdlü Tərlan Mustafayevin evinə girərək ondan pul tələb ediblər.
Tərlan Mustafayev cinayətkarların tələbini yerinə yetirməkdən imtina edib.
Bu zaman onlardan biri Tərlan Mustafayevin başına yumruq zərbəsi endirib. Ardından cinayətkarlar ev sahibinin həyat yoldaşı olan 1993-cü il təvəllüdlü Xuraman Məmmədovanı bıçaqla öldürməklə hədələyiblər.
Onlar bu yolla evdən iki mobil telefon, yeddi min manat, bank kartı və sürücülük vəsiqəsi götürüblər.
Polisdə ifadə verən Tərlan Mustafayev bildirib ki, cinayətkarlar üzlərini kovboy tərzinə bənzər burun yaylığı ilə gizlədiblər.
Aldığı zərbələrdən Tərlan Mustafayev yardım üçün Kliniki Tibbi Mərkəzə müraciət etməli olub.
20-ci polis bölməsinin əməkdaşları aparılmış operatov-axtarış tədbirləri zamanı şübhəlilərdən birini saxlayıblar. Bu, xəsarət alanın dayısı oğlu 1998-ci il təvəllüdlü Sahib Tağıyevdir.
İstintaqın gedişi zamanı Sahib Tağıyevin əlbir olduğu cinayətkarlarda yaxalanıb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən Nəsimi rayon Məhkəməsinə təqdimat göndərilib.
Hakim Rəşid Səmədovun sədrliyi ilə baş tutan iclasda Sahib Tağıyev və Nicat Zeynalovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını verdiyi təqdimat təmin olunub. Hər iki təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 aya qədər uzadılıb.
Bundan başqa, Elməddin Hüseynovun sədrliyi ilə baş tutan iclasda Həşim Quluzadənin barəsində seçilmiş həbs qətimkan tədbinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatı təmin olunub. Onun barəsində həbs müddəti 2 ay artırılıb.
Hazırda bu cinayət işi üzrə istintaq davam edir.