Abşeron rayonunda bacısını öldürməkdə təqsirli bilinən Babək Fərzalıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Səbuhi Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 19-na təyin olunub.
İttihama görə, ötən il noyabrın 24-də, saat 17 radələrində 1966-cı il təvəllüdlü Babək Fərzalıyev bacısı, 1999-cu il təvəllüdlü Aytən Fərzalıyevanı öldürüb.
İstintaqa ifadə verən Babək Fərzalıyev qeyd edib ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqla bacısı Aytən Fərzalıyevaya çoxsaylı xəsarətlər yetirib.
Qeyd edək ki, Aytən Fərzalıyeva bir müddət Azərbaycan Uşaqlar Birliyininin sığınacağında yaşayıb. Onun qeyri-rəsmi nikahdan bir övladı olub.
Onu da xatırladaq ki, 2014-cü ildə 1968-ci il təvəllüdlü Kifayət Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Anası və bacısı özünü binadan atanda Aytənin həyatına təhlükə olduğu üçün onu sığınacağa yerləşdiriblər. Atası onları ölüm həddinə çatdırdığı üçün dörd il müddətinə azadlıqdan məhrum olub.
İstintaq orqanı tərəfindən Babək Fərzalıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.