Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Sahil İbrahimov 12 il, İlqar Ağayev 12 il, Namiq Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən həbs ediliblər.
Məlum olub ki, İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədov və digərləri 2017-ci ilin oktyabrından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvləri və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin edib.
Həmin şəxslərlər vasitəsi ilə BMT tərəfindən terror təşkilatı kimi tanınan dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.
İstintaq orqanı tərəfindən İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan edilib.