23 Mart 2020 10:06
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda mağaza sahibinə qarşı quldurluq etməkdə təqsirli bilinən Abdulla Abdullayev və onun əmisi oğlu Orxan Abdullayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Balakən rayon Məhkəməsində hakim Zamin Tahirovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Hər iki şəxsin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə Balakənin Gərəkli kəndində baş verib.

Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, martın 17-də saat 23 radələrində kənd sakini Vaqif Rüstəmova məxsus mağazaya oğurluq məqsədilə gəlmiş 2 nəfər şəxs mağaza sahibinin orada olduğunu bildikdə onu arxadan boğaraq bıçaqla xəsarət yetirmək istəyiblər.

Vaqif Rüstəmov həmin şəxslərə qarşı müqavimət göstərdikdə onlar qaçaraq həmin ərazidən uzaqlaşıblar.

Polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətmiş şəxslərin zərərçəkmişin həmkəndliləri, əvvəllər məhkum olunmuş 23 yaşlı Abdulla Abdullayev və 27 yaşlı Orxan Abdullayev olduqları müəyyən olunub.

Onlar şübhəli şəxs qismində saxlanılıb, törətdikləri cinayət əməlini etiraf ediblər.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə ittiham elan edilib.

Hazırda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov