Tərtər rayonunda toy məclisində qanlı dava salmaqda ittiham olunan 2001-ci il təvəllüdlü Murad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Murad Məmmədov 26 aprel 2019-cu il tarixdə, saat 17.00-da Tərtər şəhərindəki “Asiman” şadlıq sarayında qardaşı İsax Mammədovun övladının kiçik toy məclisində iştirak edib.
O, heç bir əsaslı səbəb olmadan toyda musiqinin dayandırılması ilə əlaqədar yaranmış mübahisə zamanı Maarif Tağıyevin ünvanına nalayiq ifadələr işlədib. Maarif Tağıyevin sifətinə yumruqla vurub, ona xəsarət yetirib.
Daha sonra o, həmin gün saat 20.00-da Tərtər rayonu Şıxarx kəndi ərazisində yerləşən yeni qəsəbədə heç bir səbəb olmadan Maarif Tağıyevlə mübahisə edib, Maarif Tağıyevi yumqurla vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən Murad Məmmədovun barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, qeyd edib ki, aprelin 26-da qardaşı oğlunun kiçik toy məclisi olub, qardaşı tərəfindən dəvət olunmuş Maarif Tağıyev ailəsi ilə bərabər toyda iştirak edib: “Toy təxminən saat 13 radələrində başladı. 2-3 saat sonra toyun gedişində Maarif Tağıyev tək oynadı. 4-5 musiqi oynadıqdan sonra musiqi kəsiləndə Maarif Şahsuvara mahnının niyə kəsildiyini dedi. Şahsuvar da ona məclisdə oynamayan qonaqlar olduğunu, onları yola verəndən sonra yenidən oynayacağını dedi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman Maarifə yaxınlaşıb və onu qucaqlayaraq “gəl otur sonra oynayarsan” deyib: “Maarif məni itələdi və Şahsuvara tərəf getdi. Yenidən Maarifi qucaqlayaraq qırağa çəkmək istədim. Məni yenə itələdi və sifət nahiyəmə yumruq atdı. Mən də cavab olara Maarifin üzünə yumruqla bir dəfə vurdum. Yumruğum Maarifin burnuna dəydi. Məclisdə iştirak edən qardaşım İsax və Bəylər, digər iştirakçılar bizi aralaşdırdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, toy dayanıb, Maarifi evə yola salıblar: “Axşam saatlarında məclis qurtardıqdan sonra xalam oğlu Xansuvarın oğlu Elnur və Misir avtomaşınından məclisdən artıq qalan sokları evə daşıdığı vaxt Maarif arxa tərəfdən məni yaxınlaşdı və qəflətən kürək nahiyəmdən vurdu. Maarifə tərəf çöndüm və onu itələdim. Xansuvar məni saxlamaq istədi. Lakin Maarif nalayiq ifadələr işlədərək istiqamətsiz yumruqlar ataraq yenidən mənim üstümə gəldi. Bundan sonra Maarifin sifət nahiyəsinə yunruqla vurdum”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Maarif Tağıyev qeyd edib ki, Muradı Tərtər rayon Yeniqəsəbə sakini kimi tanıyır, onunla qohumluq əlaqəsi yoxdur, aralarındada heç bir ədavət və ya düşmənçilik olmayıb: “Aprelin 26-da Muradın qardaşı İsaxın dəvəti əsasında onun oğlunun “Asiman” şadlıq sarayında keçirilən kiçik toy məclisinə həyat yoldaşımla getdim. Saat 17.00-da dayım Ramilin yoldaşı Aybəniz, dayımın qızı Rəqsanə və həyat yoldaşım Naibəni oynamağa dəvət etdim. Oynayarkən tamada oyun mahnısını yarımçıq kəsdi. Ondan səbəbini soruşarkən isə bildirdi ki, musiqini kəsən adam Muraddır. Muraddan bunun səbəbini soruşarkən aramızda mübahisə baş verdi. Mübahisə zamanı Murad qəfildən burun nahiyəmdən bir dəfə yumruqla xəsarət yetirdi. Nəticədə burnum qanadı”.
Zərərçəkmişin sözlərinə görə, hadisə zamanı onları Ramil və digər şəxslər aralaşdırıb: “Toydan çıxaraq arvadım, dayım və onun ailəsi ilə birlikdə Şıxarx qəsəbəsinə getdik. Bir qədər sonra dayım gözü ağrıdığını deyərək evlərinə getdi. Saat 20 radələrində ailəmlə bir yerdə dayımın vəziyyəti ilə maraqlanmaq üçün yaşadığım qəsəbəyə getdik. Yolda gördüm ki, dayımgil yaşadığı binanın qarşısında toyda məni vuran Murad maşından karobkalar daşıyır.
Onun yanından keçəndə Murad mənə “niyə daqqalanırsan?” dedi. Murada “utanmırsan, atan yaşda kişiyəm, sən mənə niyə yumruq atırsan”, - deyə söylədim. Murad əlindəki karobkanı yerə qoyaraq mənim üzərimə gəldi, yumruq atdı. Bu zaman Xansuvar arxadan məni qucaqladı, geri çevrilmək istəyən zaman yumruq mənə dəydi, zərbəni Muradın vurduğunu gördüm. Özümü itirdim və yerə yıxıldım”.
Marif Tağıyev bildirib ki, bu vaxt sağ ayağından xəsarət alıb: “Bundan sonra Daxili İşlər Nazirliyimnin 102 Xidmətinə zəng edərək bu barədə məlumat verdim. Murad Məmmədovdan şikayətçiyəm”.
Tərtər rayon Məhkəməsinin hökmü ilə Murad Məmmədov 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Hökmdən narazı qalan Murad Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsinə tövsif edilməsini istəyib.
Murad Məmmədovun şikayətu araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Şamil Rzaquliyevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Murad Məmmədovun apelyasiya şikayəti qismən təmin olunub. Onun barəsində təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1000 manat cərimə ilə əvəz olunub.