İrandan Azərbaycana gətirdiyi külli miqdarda vasitəni satarkən həbs olunan İntizar Rəsulovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.
İttihama görə, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qeyri-qanuni yollarla gətirilmiş narkotik vasitələrin realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.
Məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı İntizar Rəsulova sellofan torbada narkotik vasitə olan bağlamaları şərti alıcıya satmaq istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılıb.
Baxış zamanı vətəndaşa məxsus torbanın içərisində 2 ədəd bağlamada, sellofan paketlərə qablaşdırılmış spesifik qoxuya malik, ümumi çəkisi 990 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.