Xırdalan şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Quba rayon sakini, 2001-ci il təvəllüdlü Yavər Məlikməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, 21 iyul 2019-cü il tarixdə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində nömrəsiz evdə yaşayan Yavər Məlikməmmədovun bacısının əri Ramin Muradxanov başqa qadınla telefonda danışıb.
Buna görə Ramin Muradxanovla arvadı Əsmər Muradxanova arasında narazılıq yaranıb.
Ramin arvadını qayınatası Rövşən Muradxanovun evinə qaytarıb, aralarında olan nikahın pozulması ilə bağlı Quba regional “Asan Xidmət” mərkəzinə müraciət edib.
Bu səbəbdən Yavər Məlikməmmədov yeznəzini öldürmək qərarına gəlib. O, Qubanın Digah kəndindən çıxıb və niyyətini həyata keçirmək üçün Xırdalana, yeznəsinin yaşadığı evin qarşısına gəlib. Bu zaman o, küçədə yeznəsinin başqa qadınla sevgi münasibətində olması barədə danışdığını görüb. Yavər niyətini həyata keçirməyi qərarlaşdırıb.
Özü ilə gətirdiyi bıçağı çıxararaq Ramin Muradxanovu qardaşı Amir Muradxanov və bacısı Ülkər Muradxanovanın gözləri qarşısında bədənini müxtəlif nahiyələrinə zərbələr vurub.
Ramin Muradxanovu qaynının əlindən Amir və Ülkər zorla alıblar, vaxtında xəstəxanaya çatdırdıqları üçün onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Yavər Məlikməmmədovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən saölamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan olunub.
Təqsirləndirilən şəxs qismində ifadə verən Yavər Məlikməmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, hadisəni törətməsini belə izah edib: “İyunun 19-da anam mənə bildirdi ki, bir müddət əvvəl Raminin mobil nömrəsinə bir nömrədən SMS gəlib, həmin nömrəni Əsmər yadında saxlasa da, bu barədə Raminə heç nə deməyib. Əsmər iyulun 18-də Raminin mobil telefonuna SMS göndərən qadına zəng edərək kimliyini soruşub.
Həmin qadın da Əsmərdən kim olduğunu soruşduqda, sonuncu ona Raminin həyat yoldaşı olduğunu deyib. Bu zaman həmin qadın telefonu söndürüb. Bundan bir neçə dəqiqə sonra Ramin Əsmərə zəng edib, həmin qadına nə üçün zəng etdiyini irad tutub və ona yenidən zəng edərək üzr istəməyi tələb edib.
Bir neçə dəfə bacısı Əsmərdən həmin qızdan üzr istəməyi tələb etdiyi üçün sonuncu telefonu söndürüb. Yaşadığımız evdə Raminin bu hərəkətləri ilə bağlı olan söz-söhbətlər məni çox əsəbləşdirdi. Ona görə Ramindən qisas almaq qərarına gəldim, iyulun 21-də saat 10.00-da evdə heç kimə bir söz demədən Xırdalan şəhərinə Raminin yaşadığı evə gəldim”.
Yavər Məlikməmmədov ifadəsində qeyd edib ki, Ramil Muradxanovun öz rəsmi arvadı olan bacısı Əsmər Muradxanovaya qarşı haqsızlıq etməsi, ona xəyanət etməklə, həmçinin xəyanət etdiyi yad qadından üzr istəməyə məcbur etməsi cinayəti törətməsinə səbəb olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yavər Məlikməmmədov 3 il müddətinə azadlıqdam məhrum edilib.
Hökmdən narazı qalan Yavər Məlikməmmədovun vəkili Oktay Əliyev apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, ona təyin olunan cəzanın şərti hesab edilməsini istəyib.
Vəkilin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Yavər Məlikməmmədovun vəkilinin şikayəti qismən təmin olunub. Təqsirləndirilən şəxsin barəsində olan cəza 2 ilə endirilib.