14 Aprel 2020 16:04
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə qonşusuna xəsarət yetirməkdə ittiham olunan 1958-ci il təvəllüdlü Fizuli Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Fizuli Ramzanov aralarında uzun müddət davam edən münaqişə və ədavət olan qonşusu Teymur Məmmədovun onun evinin giriş qapısının qarşısını qazdığını görüb.

Bu səbəbdən Fizuliyə iradını bildirib. Onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Fizuli Ramazanovun arvadı Nazilənin yanında Teymur Məmmədov onun ünvanına nalayiq ifadələr işlədib.

Bundan əsəbləşən Fizuli Ramazanov Teymur Məmmədovun bədəninin müxtəlif nahiyələrindən yumruqla vurub, ona bədən xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən Fizuli Ramazanovun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hökmü ilə Fizuli Ramazanov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmə əsasən, Fizuli Ramazanovun yaşayış yerini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulub.

Onun üzərində elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulub.

Cəza müddətində Fizuli Ramazanovun zərərçəkmiş Teymur Məmmədov ilə istənilən formada ünsiyyət saxlamaq qadağan olunub.

Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin həbs edilməsini istəyib.

Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Salman Hüseynovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Zərərçəkmişin şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər