14 Aprel 2020 14:10
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda qəsdən adam öldürməyə cəhddə ittiham olunan 1996-cı il təvəllüdlü Tural Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, görə Tural Hüseynli 15 avqust 2018-ci il tarixdə, təxminən saat 19 radələrində Xəyal Allahverdiyevə məxsus Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən “Vaqon” adlı yeməkxanada tanışları – Elməddin Kazımov, Əmrah İsayev və Amil Hüseynli ilə yemək yeyib, spirtli içki qəbul edib.

Söhbət əsnasında Amil Hüseynlinin Tural Hüseynlini saqqal saxlaması, Türkiyədə təhsil alması və Beyləqana gəlib-getməsi ilə əlaqədar davranışları barədə onu ələ salan zarafat etməsi səbəbindən mübahisə yaranıb.

Lakin mübahisə stol arxasında əyləşmiş digər şəxslərin səyləri nəticəsində əlbəyaxa davaya çevrilməyib. Təxminən saat yarım yeməkxanada yeyib-içdikdən sonra saat 20.30-da Tural Hüseynli və Elməddin Kazımov sərxoş, Amil Hüseynli isə orta dərəcəli sərxoş vəziyyətində “Vaqon” yeməkxanasını tərk ediblər.

Onlar evlərinə getmək üçün piyada yola çıxaraq Elməddin Kazımov və Əmrah İsayev öndə, Tural Hüseynli isə Amil Hüseynli ilə bir neçə addım arxada hərəkət ediblər.

Keçmiş “Neftbaza”nın qarşısına çatanda Elməddin Kazımovla Əmrah İsayev üzbəüzdə yerləşən Rafiq Atakişiyevə məxsus mağazanın qarşısına gediblər. Tural Hüseynli isə qaz borusunun üzərində oturub.

Bu zaman Amil Hüseynlinin onu təkrarən ələ salması ilə bağlı aralarında yenidən mübahisə yaranıb, Amil Hüseynlinin onu nalayiq sözlərlə söyüb, ağır təhqir etməsindən əsəbiləşib.

Bu vaxt Tural Hüseynli cibində meyvə soymaq üçün saxladığı bıçağı çıxarıb, Amil Hüseynlinin bud nahiyəsindən zərbə vurub.

Amil Hüseynli bıçağı onun əlindən almaq istəyərkən nalayiq sözlərlə təhqir etməkdə davam edib. Tural Hüseynli daha da hiddətlənib. Elməddin Kazımov və Əmrah İsayevin onları aralaşdırmaq üçün göstərdikləri səylərə baxmayaraq o, əlindəki bıçaqla Amil Hüseynlini bədənini müxtəlif nahiyələrinə 13 xəsarət yetirib.

Elməddin və Əmrahın müdaxiləsi səbəbindən Amil Hüseynlinin yenidən bıçaq zərbələrini endirərək onu öldürməyə imkan verməyiblər.

Daha sonra Tural Hüseynli əlindəki bıçağı hadisənin baş verdiyi yerin yaxınlığına ataraq xalası Nəzakət Orucovanın 1-ci Şahsevən kəndində yerləşən evinə gedib. Amil Hüseynli isə hadisənin baş verdiyi yerəg ələn Rəşad Camalova məxsus avtomobillə xəstəxanaya aparılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Tural Hüseynli həbs edilib, onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Hüseynli 7 il 6 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan Tural Hüseynli apelyasiya şikayəti verib. Şikayətində göstərib ki, onun əməli Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün tövsüf olunmayıb. Qeyd edib ki, məhkəmə ona cəza təyin edərkən cavanlığını, ailə vəziyyətini nəzərə almayıb.

Tural Hüseynli əməlinin Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin məcəllənin 122.1-ci maddəsinə tövsif edilməsini xahiş edib: “Zərərçəkmiş şəxsin hərəkətləri, mənimlə dava-dalaş etməsi nəticəsində affekt vəziyyətinə düşmüşəm və bıçaqla zərərçəkmiş şəxsə çoxsaylı zərbələr yetirmişəm. Hadisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş verib”.

Tural Hüseynlinin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Tural Hüseynlinin şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər