17 Aprel 2020 10:04
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda dostunu öldürməkdə təqsirli bilinən Hacımurad Nəsibovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

Teleqraf.com xəbər verir ki, Balakən rayon Məhkəməsində hakim Hümbət Səlimovun sədrlik etdiyi prosesdə rayon prokurorluğunun vəsatəti təmin olunub.

Hacımurad Nəsibovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 aya qədər artırılıb.

Qeyd edək ki, ötən ilin dekabrında Hacımurad Nəsibov qətldə təqsirli bilinib və məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

İttihama görə, hadisə 2019-cu il dekabrın 23-də Balakən rayonunun Hənifə kəndində qeydə alınıb. Kənd sakini, rayon ərazisində fəhləlik edən Murtuzəli Nabatova məxsus yarımtikilidə müvəqqəti yaşayan Şəki sakininin meyiti aşkarlanıb.

İstintaq nəticəsində aydın olub ki, meyit Şəki rayonu Baltalı kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədhəsən Rəhimovdur. Meyitə baxış keçirilən zaman onun bədənində qətl əlamətlərinə xarakterik xəsarətlər aşkar edilib.

Məlum olub ki, rayon sakini Hacımurad Nəsibov Hənifə kəndindəki mənzilində Məmmədhəsən Rəhimovla spirtli içki qəbul edib. Məmmədhəsən Rəhimov dostunun ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında mübahisə yaranıb.

Hacımurad Nəsibov Məmmədhəsən Rəhimovu müvəqqəti yaşadığı yarımtikili ikimərtəbəli evin birinci mərtəbəsinə aparıb, orada onun baş nahiyəsinə taxta parçası ilə dörd-beş zərbə vuraraq öldürüb.

Hacımurad Nəsibov polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Hacımurad Nəsibovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İstintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər