17 Aprel 2020 14:06
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qardaşı arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü İlkin Əsgərovun cinayət işinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, İlkin Əsgərov atası Nizami Əsgərova məxsus Sabunçu rayonunda Zabrat qəsəbəsində İstixana kombinatı ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindəki istixananın dəmir konstruksiyalarını satmaq üçün sonuncunun ona verdiyi razılıqdan üz döndərməsi səbəbindən, Nizami Əsgərovdan qisas almaq qərarına gəlib.

Bu məqsədlə o, dəyəri 45000 manat olan və içərisində 1530 manatlıq əşya olan fərdi yaşayış evini, ümumilikdə isə 46530 manat dəyərində əmlakı yandırmaq niyyətinə düşüb. İ26 oktyabr 2017-ci ildə, saat 15 radələrində Zabrat dairəsində yanacaqdoldurma məntəqəsindən iki ədəd, hər biri iki litr olan plastmas qabda benzin alıb.

Daha sonra atasının yaşadığı evə gəlib, benzini evin ətrafına tökməyə başlayıb. Həmin evin sakini, həm də onun qardaşı arvadı olan Xatirə Əsgərova cinayətkar əməlin qarşısını almaq istəyib, qaynının əlindən qabı almağa çalışıb.

İlkin Əsgərov əlindəki butulkadakı benzinin özünün, eləcə də Xatirə Əsgərovanın üzərinə tökülmüş olduğunu görüb.

Ev alovlanacağı təqdirdə Xatirə Əsgərovanın diri-diri yanacağını, həmçinin ev sakinləri Nizami Əsgərov, Arzu Əsgərova və qonşu Bəhruz Əhmədovun da təhlükəyə düşəcəyini bildiyi halda, hadisənin baş verməsinə şüurlu surətdə imkan yaradıb.

İlkin Əsgərov alışqanı çıxararaq oranı yandırıb. Yanğın nəticəsində Xatirə Əsgərova bədəninin 75-80 faizini əhatə edən yanıq xəsarəti alıb. O, hadisədən dərhal sonra təcilli tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb, almış olduğu xəsarətlərdən noyabrın 3-də vəfat edib.

İstintaq orqanı tərəfindən İlkin Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29, 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Əsgərov 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Hökmdən narazı qalan İlkin Əsgərov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddələri ilə cinayət işinə xitam verilməsini, ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələrinin isə həmin məcəllənin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsinə dair qərar qəbul olunması istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə İlkin Əsgərovun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan İlkin Əsgərov kasasiya şikayəti verib. Onun barəsində olan iş araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada kasasiya şikayəti üzrə araşdırma başlanıb. Araşdırma aparılan zaman İlkin Əsgərov saxlanıldığı Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən hakimə ərizə göndərib.

O, ərizəsində kasasiya şikayətini geri götürdüyünü, ərizəsinin qəbul edilməsini xahiş edib. Hakim heyəti onun ərizəsini qəbul edib və şikayəti baxılmamış saxlayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi, həmçinin təqsirləndirilən şəxsin qardaşı tərəfindən də məhkəməyə kasasiya şikayəti daxil olub. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Hakim heyəti zərərçəkmiş tərəfin şikayətini isə təmin etməyib.

Ali Məhkəmədə Teleqraf.com-a bildiriblər ki, bir müddət əvvəl İlkin Əsgərov şikayətini geri götürsə də, yenidən onun barəsində olan cinayət işində məhkəməyə şikayət daxil olub.

Şikayətdə İlkin Əsgərovun cəzasının yüngülləşdirilməsi xahiş olunur. İlkin Əsgərovun şikayəti araşdırılması üçün hakim İnqilab Nəsirovun icraatına verilib.

Yaxın günlərdə kasasiya şikayətinin araşdırması başlanacaq.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər