Bakının Yasamal rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Aprelin 17-də saat 03.46-da Yasamal rayonu ərazisindəki apteklərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, oradan oğurluğa cəhd göstərən Xızı rayon sakini G.Məmmədov saxlanılaraq 27-ci polis bölməsinə təhvil verilib.
Bundan başqa, soyğunçuluq etdiyinə görə tutulmuş R.Fərəczadənin ətrafında Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsində araşdırma aparılıb.
Polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini N.Yusiflini bıçaqla hədələyib, quldurluq yolu ilə mobil telefonunu alması da müəyyən edilib.
Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1800 manat dəyərində məişət və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Abbasov saxlanılıb.
Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində rayon ərazisində “Mitsubishi” markalı bir avtomobildən 900 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş A.Camalov saxlanılıb.