30 Sentyabr 2014 17:37
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməkdə təqsirləndirilən keçmiş hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı oktyabrın 10-na təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Azər Orucov, Əlövsət Abbasov, Əlisultan Osmanov təqsirləndirilən Həsən Əliyevlə iş yoldaşı olublar və buna görə də işə baxmaqdan imtina ediblər. Bakı Apelyasiya Məhkəməsi hakimlərin özlərinə etiraz vermələrinə baxıb və işə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Rusiyadan gələn iş adamı Ramazan Səlimov Azərbaycanda “yağlı” işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. Elman Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev də Ramazan Səlimovdan sonuncunu işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra Ramazan Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və Elman Məmmədov həbs edilib.

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Onu da qeyd edək ki, prezident İlham Əliyev bu il fevralın 11-də Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər