İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan 1992-ci il təvəllüdlü İbrahim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, İbrahim Kərimov 11 iyun 2019-cu ilin tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etməkdə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olub.
İbrahim Kərimov əldə edilmiş razılığa uyğun olaraq həmin tarixdə orada cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən 1 cüt idman ayaqqabısının sağ tayının içərisində yerləşdirilmiş 4 bükümdə, ikisində ayrı-ayrılıqda 25,470 qram və 44,039 qram olmaqla ümumilikdə 69,509 qram çəkidə-külli miqdarda metamfetamin psixotrop maddəsini, 3-cü bükümdə 9,729 qram tiryək narkotik vasitəsini, 4-cü bükümdə isə külli miqdarda 27,849 qram heroin narkotik vasitəsini, idman ayaqqabısının sol tayının içərisində yerləşdirilmiş 13 bükümdə ayrı-ayrılıqda 98,458 qram, 20,150 qram, 13,601 qram, 14,100 qram, 16,900 qram, 10,010 qram, 8,110 qram, 18,002 qram, 10,011 qram, 13,280 qram, 68,923 qram, 12,215 qram, 14,605 qram olmaqla - ümumilikdə 318,365 qram çəkidə, külli miqdarda heroin narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə edib.
Daha sonra İbrahim Kərimov həmin ayaqqabıları ayağına geyərək qeyd edilən narkotik vasitələri və psixotrop maddəni saxlayıb. O, həmin narkotik vasitəni Biləsuvar şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə təhvil vermək üçün iyunun 12-də, gecə saat 02 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.
İstintaq orqanı tərəfindən İbrahim Kərimovun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Kərimov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan İbrahim Kərimov apelyasiya şikayəti verib. O, törətdiyi əməldən peşman olduğunu, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
İbrahim Kərimovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
İbrahim Kərimovun şikayəti təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Onun cəzası 6 ilə qədər endirilib.