Goranboy rayonunda baş vermiş qətliamla bağlı cinayət işi başlanıb.
Bu barədə Teleqraf.com-a Goranboy rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda Rafiq Hüseynovun ifadəsi alınır.
Qeyd edək ki, saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.
Rafiq Hüseynov könüllü olaraq Goranboy rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.
Hacı Zeynalov