30 Aprel 2020 13:59
3 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 1981-ci il təvəllüdlü Sultan Məmmədovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Sultan Məmmədov sərxoş vəziyyətdə yaşadığı rayonun Susay kəndinin girəcəyində bulağın qarşısında dayanmış həmkəndlisi Murad Səfərəliyevə birlikdə pivə içməyi təklif edib.

Murad Səfərəliyev bundan imtina etdikdə onunla mübahisə edib. Bulağın ətrafında səs-küy salıb, xuliqanlıq edərək avtomobilinə minib getmək istəyən Muradın sinəsindən tutub, onunla əlbəyaxa olub.

Bulaq başında dava

Sultan Məmmədov Murad Səfərəliyevin ünvanına nalayiq söyüşlər söyüb. Kənd sakinləri onu sakitləşdirməyə çalışsalar da, o, hərəkətlərini davam etdirib. Heç bir əsaslı səbəb olmadan Murad Səfərəliyevin onunla pivə içmək istəməməsini özünə qarşı hörmətsizlik kimi qiymətləndirib. Qəflətən Murada arxadan hücum edib, özündə olan bıçaqla onun kürək nahiyəsinə iki dəfə ardıcıl zərbə vurub.

Həmin anda Murad Səfərəliyev geriyə dönüb və bıçaq zərbələrindən özünü qorumağa çalışıb. Sultan Məmmədov onu öldürmək üçün cəhdlərini davam etdirib. Murad Səfərəliyevin qarın nahiyəsinə daha iki ardıcıl zərbə endirib.

Bu zaman hadisə yerində olan digər kənd sakini İsmayıl Kiçibəyov Murad Səfərəliyevi növbəti bıçaq zərbələrindən qorumaq üçün araya girib, Sultan Məmmədovu sakitləşdirməyə çalışıb. Sultan Məmmədov İsmayıl Kiçibəyova müqavimət göstərib, bıçaqla onun da döş qəfəsinə zərbə vurub.

İsmayıl Kiçibəyov və Murad Sərəliyevə vaxtında xəstəxanaya çatdırılıb. Onların həyatları xilas edilib.

İstintaq orqanı tərəfindən Sultan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

“Pərviz “pivə olsa içərdik” dedi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sultan Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxslər Murad Səfərəliyev və İsmayıl Kiçibəyov həmkəndliləridir: “Onlarla normal münasibətdə olmuşam. 30 aprel 2017-ci il tarixdə, saat 17 radələrində piyada atamın əmisi oğlu Müşfiqgilə qonaq getdim, pivə və araq içdim. Sonra tək kəndin içərisində olan ərzaq mağazasının qarşısına gəldim, bir şüşə yarımlitrlik “Kuller” pivəsi və bir paket ağ tum aldım.

Mağazanın qarşısında oturaraq pivəni içdim. Saat 20 radələrində kənd sakini Pərviz “Chevrolet” markalı avtomobillə mağazanın qarşısına gəldi. Avtomaşında ondan başqa Nurlan da var idi. Pərviz maşından düşmədən mənimlə salamlaşdı. Qalxaraq Pərvizlə görüşdüm. Mənə dedi ki, şəhərdən gələnsən, bizim üçün neynəyə bilərsən? Dedim ki, nə istəsən alaram. Pərviz “pivə olsa içərdik” dedi.

Nurlan avtomobildən düşərək arxa oturacağa keçdi, mən qabaq oturacaqda əyləşdim. Mağaza bağlandığından Pərviz maşını kənd sakini Malikin mağazasının qabağına sürdü. Nurlana iyirmi manat pul verdim, mağazadan iki litrlik “Əfsanə” pivəsi və fıstıq almasını xahiş etdim. Həmin şeyləri alınandan sonra kəndin girəcəyində yerləşən bulağa getdik”.

“Kimdir bizimlə oturmaq istəməyən?..”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Akif də “Zil” markalı yük maşını ilə onların qabağınca gedib: “Akifin maşınını görərək Pərvizə söylədim ki, hara gedirsən, uşaqlarnan aram yoxdur, bir dənə pivə almışıq, saxla buralarda, içək. O isə mənə əhəmiyyət vermədi, maşını bulaq istiqamətində sürdü.

Məktəbin qabağından keçərkən Akif maşını saxladı, orada maşın saxlamış Murada dedi ki, sənin üçün “Kuller” pivəsi almışam, sür gəl dalımca. Sonra biz üç maşınla bulağa getdik. Akif “Zil”i sürüb bulağın qabağında, Pərvizlə Murad isə maşınlarını yanaşı saxladılar. Pərvizlə Nurlan maşından düşərək pivəni bulağa apardı. Mən isə Pərvizin avtomaşınının yanında dayandım. Bu zaman Akiflə Pərvizin bulağın yanında ucadan səslərinin gəldiyini eşitdim. Onların bir-biri ilə mübahisə etdiyini zənn etdim.

Dayandığım yerdən qışqıraraq Pərvizdən soruşdum ki, orda nə olub, nə söz-söhbətdir, kimdən söhbət gedir. Pərviz mənə heç nə demədi. Az sonra Pərvizdən “mənim gəlməyimə narazılıq edirlər? Oturmaq istəməyən kimdir bizimlə?” - deyə soruşdum. Bu an öz maşınının yanında dayanan Murad dedi ki, mənəm oturmaq istəməyən. Ona “səninlə deyiləm, adını çəkmədim, oturmursan yeri, çıx get” – deyə bildirdim. Murad isə mənə cavab vermədi.

Sonra Rövşən Pərvizin maşınını sürərək Akifin yük maşınının yanında saxladı. Akif “Chevrolet”ə minərək Rövşənlə birlikdə getdi. Pərvizlə Nurlan bulağa tərəf getdi və mənə “gəlginən, sən də otur” , - deyə söylədi”.

Sultan Məmmədovun ifadəsinə görə, həmin vaxt İsmayıl Muradın maşınına minib: “Murad qapını açaraq maşına minərkən mənə dedi ki, gəl otur maşına, səninlə söhbətim var. “Mənimlə söhbətin var?" - deyə soruşdum.

Maşına tərəf yaxınlaşaraq maşının şüşəsindən əllərimi salaraq Muradın yaxasından tutdum, onunla tutaşdım”.

“Cinayət törətdiyim bıçağı qayınatama verdim”

Sultan Məmmədov qeyd edib ki, bu zaman Murad yumruqla onun burun nahiyəsindən vurub: “Maşının qabaq oturacağında əyləşən İsmayıl heç bir hərəkət etmədi. Pərvizlə Nurlan yaxınlaşaraq məni Muraddan kənarlaşdırdı. Murad maşından düşərək üzərimə hücum etmək istəyəndə, Pərviz Muradın qarşısını kəsdi.

Murad mənə nalayiq söyüşlər söyməyə başladı. İsmayıl da Muradın maşınından düşdü. Nurlan isə məni bulağın yanına çəkdi. Rövşən bizim olduğumuz yerə qayıtdı. Məni söydüyünə görə Muradın üzərinə hücum etdim. Həmin vaxt Muradla İsmayıl mənə tərəf gəldilər. Murad təpiklə qarın nahiyəmdən vurdu. Odur ki, gödəkcəmin sağ cibində olan bıçağı çıxardım və ona iki-üç dəfə zərbə endirdim. Əlimdəki bıçaq bizi aralamağa çalışan İsmayıla toxundu.

Muradla İsmayılın məndən aralandıqlarını görərək kənara çəkildim. Rövşən Muradı və İsmayılı Quba rayon mərkəzi xəstəxanasına apardı. Atamın əmisi oğlu Müşviqə zəng etdim. Muradla İsmayılı bıçaqladığımı bildirdim, gəlib məni aparmasını xahiş etdim.

Müşviq və qohumum Əbilfərz gəldi. Məni qayınatam Əliövsətin evinə apardılar. Cinayət törətdiyim bıçağı qayınatama verdim. Muradı mənə qarşı nalayiq söyüşlər söydüyünə və təpiklə vurduğuna görə əsəbləşərək bıçaqla vurmuşam. İsmayılı isə qəsdən vurmamışam, ehtiyatsızlıqdan əlim ona toxunub”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sultan Məmmədov 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan Sultan Məmmədov apelyasiya şikayəti verib. O, qeyd edib ki, birinci dəfə cinayət törədib, törətdiyi əməldən peşmandır.

Sultan Məmmədov zərər çəkmiş şəxslərdən üzr istəyib və onlarla barışıb. O, ailəli olduğunu, himayəsində azyaşlı uşağı olduğunu, ailəsinə qazanc gətirən yeganə şəxs olduğunu, həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkdiyini qeyd edib.

Sultan Məmmədov ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsinin həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinən tövsif edilməsini, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona bəraət verilməsini istəyib.

Sultan Məmmədovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Sultan Məmmədovun apelyasiya şikayəti qismən təmin edilib. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.

Sultan Məmmədov Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib və ona 8 il 6 ay müddətinə cəza təyin edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər