Xaçmazda karantin rejiminə əməl edilməsi nəzarətdədir.
DİN-in Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir, vətəndaşlarla profilaktik söhbətlər aparmaqla onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırırlar.
Sakinlərdən təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyi tələb edən şöbə əməkdaşları, hər kəsə “evdə qal” kompaniyasına qoşulmalarının zəruriliyini bildirirlər. Həmçinin elan olunmuş xüsusi karantin rejiminin tələblərinin icrası ilə əlaqədar rayon ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirirlər.
Bu tədbirlərlə yanaşı xüsusi rejim çərçivəsində polis əməkdaşları tərəfindən müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, eləcə də rayon və kəndlər arasında lüzumsuz yerə nəqliyyat vasitələri idarə edən sürücülər də aşkarlanıb. Belə ki, xüsusi karantin rejiminin tələblərini pozan 341 vətəndaş barəsində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən İXM-nin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq, həmin şəxslər məsuliyyətə cəlb olunublar.