Gəncə şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən Kəlbəcər rayonundan məcburi köçkün düşmüş 1991-ci il təvəllüdlü Azər Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Azər Nağıyev 9 dekabr 2018-ci il tarixdə, saat 23 radələrində həmkəndliləri Fəqan Nağıyev, Fəxrəddin Quliyev və Aqil Yusifovlə birlikdə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində yerləşən kafedə yemək yeyib, spirtli içki qəbul ediblər.
Daha sonra Azər Nağıyev dostları ilə birlikdə idarə etdiyi özünə məxsus “Mercedes Benz-C180” markalı avtomaşınla pivə içib və canlı musiqi dinləmək üçün Gəncə şəhəri, Nizami prospektində yerləşən “Qarabağ Əlilləri” kafesinə gəlib.
Orada da bir qədər spirtli içki içən Azər Nağıyev qonşu masada öz dostları ilə oturaraq əylənən Elvin Katibli və Rasim Mustafayevlə tanış olub. Onlar birlikdə rəqs edib və əyləniblər. Onların bu əyləncəsi dekabrın 9-dan 10-na keçən gecə, saat saat 1 radələrinə qədər davam edib.
Azər Nağıyev gecəyarısı kafedən getmək istədikdə xidmətçi içdikləri içkinin hesabının ödənilməsi tələb edib. O, Elvin Katiblinin pulu olmadığı üçün hesabı ödəmək təklifini qəbul etməyib. Elvin Katibli bundan qəzəblənərək, Azər Nağıyevə cavab qaytarıb.
Onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Elvin Katibli dostu Rasim Mustafayevlə birlikdə Azər Nağıyevlə dalaşaraq, onun bədəninin müxtəlif nahiyələrinə zərbə endiriblər.
Onların xəsarətlər yetirmələrindən hiddətlənən Azər Nağıyev Elvin Katiblidən qisas alaraq onu öldürmək qərarına gəlib. O, qaçaraq yolun kənarında park etdiyi özünə məxsus avtomobildə saxladığı bıçağı götürüb və Elvin Katiblinin üzərinə hücum edib, ona bıçaqla ardıcıl olaraq bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
Elvin Katibli aldığı zərbələrdən hadisə yerində ölüb. İstintaq orqanı tərəfindən Azər Nağıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Nağıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Azər Nağıyev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib. Azər Nağıyevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Azər Nağıyevin şikayəti təmin olunmayıb.