Gədəbəy rayonunda ötən ilin sentyabrında dəhşətli qətl hadisəsi törətməkdə ittiham olunan Əmiraslan Həsənovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Nural Əliyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən il avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində Şəmkir rayon sakini Əmiraslan Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qohumu Rüxsarə Vəliyevaya qolundan, onun oğlu Anar Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.
Əmiraslan Həsənov sonradan Rüxsarə Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb.
Nəticədə oradakı əşyalar, habelə 20 kvadrat metr sahədə dam örtüyü yanıb. Yanğın söndürülüb, Rüxsarə Vəliyeva və Anar Əliyev xəstəxanaya yerləşdiriblər. Gədəbəy rayon polis şöbəsnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Əmiraslan Həsənov saxlanılıb.
Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi ondan götürülüb.
Bildirilir ki, 1956-ci il təvəllüdlü Əmiraslan Həsənovun həyat yoldaşının valideynləri dünyasını dəyişəndən sonra hər iki tərəf arasında əmlak uğrunda münaqişə yaranıb. Həmin əmlak 25 sot torpaq sahəsindən və evdən ibarət olub.
Sonradan Əəmiraslan Həsənov məhkəməyə müraciət edib. Məhkəmə 25 sot torpaq sahəsinin mülkiyyət hüququnu ona verib. Evin sənədi olmadığı üçün mülkün kimə məxsus olduğu müəyyənləşdirilməyib.
Həmin evdə Əmiraslanın dünyasını dəyişən qayınının həyat yoldaşı İradə Əliyeva və onun iki qızı yaşayırmış. Əmiraslan Həsənov onları evdən çıxarmaq istəyib. Buna görə mübahisə yaranıb.
Bu zaman o, tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu 1985-ci il təvəllüdlü Rüxsarə Vəliyevaya qolundan, onun 2004-cü il təvəllüdlü oğlu Vüqar Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Əmiraslan Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə ), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.