Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Eldəniz Şərifov saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərində şəxsi axtarış aparılan zaman 2,349 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Eldəniz Şərifov ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün Nəsimi rayonu Cavadxan küçəsində “Rəşad” adlı şəxsdən aldığını bildirib.
Polis əməkdaşları əməliyyat tədbirlərini davam etdirərək həmin şəxsi, Bakı şəhər sakinin Rəşad Kazımovu da idarə etdiyi “Hyundai” markalı avtomobillə birgə saxlayaraq 19-cu polis şöbəsinə gətiriblər.
Nəqliyyat vasitəsinə baxış zamanı saxlanc yerindən Rəşad Kazımova məxsus 335 qram heroin, 3,635 qram psixotrop maddə olan metamfetamin, 10,745 qram tiryək , 5 ədəd “Metodon” həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.