2 Oktyabr 2014 13:13
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhd edən Vüsal Abdullayevin cinayət işi üzrə proses başa çatıb. İttihama görə, Vüsal Abdullayevin əvvəllər rəsmi nikah münasibətlərində yaşadığı həyat yoldaşı Gülnarə Abdullayeva ondan boşanıb.

Gülnarə Vüsaldan ayrılandan sonra 2006-cı il təvəllüdlü Əsəd və 2009-cu il təvəllüdlü Sənan adlı uşaqları ilə birlikdə Şəki şəhərində məskunlaşan anasının evində yaşamağa başlayıb. Ərindən ayrılan qadın azyaşlı uşaqlarını Şəki şəhər Qarışıq Tipli Uşaq Evinə verib. Vüsal Abdullayev həyat yoldaşının bu hərəkətindən qəzəblənib və buna görə də arvadı ilə mübahisə edib.

Vüsal Abdullayev qisas almaq niyyəti ilə Gülnarəni öldürmək qərarına gəlib. O, 2013-cü il martın 21-də saat 21:40-da Şəki şəhəri “Gəncəli məhəlləsi” deyilən ərazidə keçirilən Novruz Bayramı şənliyində iştirak edən Gülnarə Abdullayevanı görüb. Vüsal niyyətini həyata keçirmək məqsədi ilə yaşadığı evə gedib. O, evdən götürdüyü bıçaqla şənlik olan məkana gəlib və proqramın başa çatmasını gözləyib.
Gülnarə Abdullayeva həmin şənlikdən yarımçıq çıxaraq evə getmək istəyib. Şəki şəhəri, M.Maqomayev küçəsində Vüsal Gülnarəni qarşılayıb. O, Gülnarədən övladlarını uşaq evinə yerləşdirməsinin səbəbini soruşub. Bu zaman onların arasında mübahisə yaranıb.

Yaranmış mübahisə zamanı Vüsal Abdullayev özündə olan bıçaqla Gülnarə Abdullayevanın qarın nahiyəsinə çoxsaylı zərbələr vurub. Həmin vaxt Gülnarə fəal hərəkət edərək səs-küy salıb, özünü müdafiə etmək üçün köməyə adam çağırıb. Bu səbəbdən o, zərəbələrini dayandıraraq hadisə yerindən qaçıb. Gülnarə Abdullayeva hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya aparılıb. Vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub. Şəki hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Vüsal Abullayev həbs edilib.

Vüsal Abdullayev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib. Məhkəmə araşdırması zamanı Vüsal Abdullayevin anlaqlı olub-olmamasını yoxlamaq məqsədilə komisyon məhkəmə-psixiatrik ekspertizası təyin edilib. Ekspertizanın rəyinə görə, Vüsal Abdullayevin anlaqsız olması müəyyən edilib. Bu səbəbdən də məhkəmə onun barəsində ittiham hökmü çıxarmayıb. Məhkəmənin qərarı ilə Vüsal Abdullayevin barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə tətbiq edilib. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya xəstəxanasına tapşırılıb. Vüsal Abdullayev müalicə olunması üçün həmin xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər