2 Oktyabr 2014 14:17
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında adam öldürməkdə təqsirli bilinən Sahib Musayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin mayında, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında, Sahib Musayev Ordubad sakini Alim Əhmədovu öldürüb. O, meyiti avtomobilə qoyub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirib və könüllü olaraq polisə təslim olub.

Sahib Musayev qaydasız döyüş üzrə idman ustası, 44 yaşlı Musa Musayevin kiçik qardaşıdır. O, hətta Bakıda qaydasız döyüş məktəbi də təşkil edibmiş. Musa Musayev idman dünyasında kifayət qədər nüfuzlu adamdır. Alim Əhmədovu öldürən Sahib Musayev ötən il, noyabrın 25-də Moskvada güllələnmiş qardaşı Natiq Musayevin qisasını aldığını deyib. Öldürülən Natiq Musayev Moskvada geyim mağazaları şəbəkəsinin sahibi olub.

Musayevin yaxınları öldürülmüş şəxsi yad etmək üçün “Zimnyaya veranda” restoranında toplaşıblar. Axşam saat 18:00-da Musayevin qohumları olan 50 yaşlı Şirin Hümbətov və onun bacısı oğlu Şahin Nağıyev restorana gəliblər. Bir saatdan sonra Şirin Hümbətovu bayıra çağırıblar. Bu zaman onun alnından 2 güllə atılıb. Hümbətov yerindəcə keçinib. 48 yaşlı bacısı oğlu Şahin Nağıyev isə sinəsindən yaralanıb. Qatil hadisə yerindən qaçıb. Kafedə törədilən hadisə ilə bağlı cinayət işi qaldırılsa da, elə Natiq Musayevin qətli kimi həmin qətlin də üstü açılmır.

Musa və Sahib Musayev qardaşları özləri üçün müəyyən ediblər ki, qohumlarının qatili, daha doğrusu, sifarişçisi o zamanlar Natiq Musayevin biznes ortağı olan Alim Əhmədovdur. Onların fikrincə, Alim Əhmədovun digər qardaşlarının ölümündə də əli olub.

Belə ki, iki il əvvəl Moskva xəstəxanasında Musayevlərin daha bir doğma qardaşı dünyasını dəyişibmiş. Saxlanılmış Sahib Musayev qardaşının dərmanın ölümcül dozasından öldüyünü iddia edib. Guya Alim Əhmədov işi elə qurub ki, Musa xəstəlikdən ölsün. Sahib Musayev bildirib ki, tərəfdaşlarını aradan götürməkdə məqsəd onların biznesinə yiyələnmək olub. Bu hadisələrdən dərhal sonra Alim Əhmədov gizlənib. O, Musayevlər tərəfindən axtarıldığını bilərək, müxtəlif ölkələrdə gizlənib. Musayevlər onu tapmaq üçün hətta Birləşmiş Ərəb Əmirliklərinə də gediblər.

Sahib Musayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Musayev 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sahib Musayev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Mirpaşa hüseynovun sədrliyi ilə keçirilən prosesdə Sahib Musayevin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Sahib Musayevin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər