Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-leytenant Əfqan Nağıyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf.com xəbər verir ki, istintaq orqanını təqdimatı təmin olunub və Əfqan Nağıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmə önünə çıxarılan digər təqsirləndirilən şəxslər - Samiq Əzizov, Müzəffər Namazov, Nemət Pənahov, Sakit Muradov, Xalis Quliyev, Elçin Vəliyevin barəsində də həbs qətimkan tədbiri seçilib.
Əfqan Nağıyev özünü verilən ittiham üzrə təqsirli bilməyib. Həbs olunan iki idarə rəisi rüşvət almaqda özünü təqsirli biliblər. Onlar rüşvət alaraq Əfqan Nağıyevə verdiklərini etiraf ediblər.
***
17:48
Dövlət Sərhəd Xidmətinin vəzifəli əməkdaşları - polkovnik-leytenant Samiq Əzizov, Müzəffər Namazov, Nemət Pənahov, Sakit Muradov, Xalis Quliyev, Elçin Vəliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə gətirilib.
Teleqraf.com xəbər verir ki, Xalis Quliyev və Elçin Vəliyevin barəsində olan təqdimalara Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov baxır.
Digər qəsirli bilinən zabitlər - Samiq Əzizov, Müzəffər Namazov, Müzəffər Namazov, Nemət Pənahov, Sakit Muradovun barələrində olan təqdimatlara isə Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanov baxır.
Samiq Əzizov, Müzəffər Namazov, Nemət Pənahov, Sakit Muradov, Elçin Vəliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) mddələri ilə ittiham elan olunub.
Digər təqsirləndirilən Xalis Quliyevə isə Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, Əfqan Nağıyevdən başqa saxlanılanlar Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisləridir.
Əfqan Nağıyev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) mddələri ilə ittiham olunur.
***
16:25
Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-leytenant Əfqan Nağıyev məhkəməyə gətirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə təqdimata baxılır.
Qeyd edək ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.