Azərbaycanda bu gündən məhkəmələrin fəaliyyətinə qoyulan məhdudiyyət aradan götürülür.
Teleqqar.-com-un xəbərinə görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə mayın 18-i saat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunub.
Qeyd edək ki, Ali Məhkəmənin Plenumu ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında qərar verilmilmişdi.
Martın 13-dən ölkənin bütün məhkəmələrində bir çox məhkəmə iclaslarının keçirilməsi təxirə salınmışdı.
Amma bu gündən məhkəmələrin fəaliyyəti yenidən tam bərpa olunması barədə qərar qəbul edilib. Bu barədə qərarı mayın 15-də keçirilən Ali Məhkəmənin Plenumunda qəbul edilib.
Ali Məhkəmənin Plenumu ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında qərar verib.
Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 15 may 2020-ci il tarixli Qərarını nəzərə alaraq Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilib:
1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə:
1.1 18 may 2020-ci il saat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun.
1.2 Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin.
1.3 Məhkəmə prosesləri zamanı iclas zallarında, habelə inzibati binaların daxilində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan edildiyi nəzərə alınsın.
1.4 Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun.
1.5 Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.
1.6 Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.
2. Bütün məhkəmələrdə vətəndaşların qəbulu dayandırılsın, qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr istisna olmaqla, digər məhkəmələrdə proseslər bu ayın əvvəlindən bərpa olunmuşdu.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi bu gündən yumşaldılıb.