20 May 2020 12:19
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baku City” restoranının müdiri Füzuli Alıyev, “Everest” restoranının sahibi Xəyal Cəfərov, Elşad Əliyev, Səxavəddin Həsənov, Faiq Nəcəfov, Kamil Məmmədov, İlqar Hüseynov və Ruslan Əkbərovun barəsində həbs qətimlan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.

Təqsirləndirilən Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1-ci (aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda)

Digər təqsirləndirilən Elşad Əliyev Cinayət Məcəlləsinin 205.1-ci (qiymətli kağız sayılmayan saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satma) 200.4- cü (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunur.

İlqar Hüseynov və Ruslan Əkbərov Cinayət Məcəlləsinin 314.2, Xəyal Cəfərov, Kamal Məmmədov, Səxavəddin Həsənov və Faiq Nəcəfov isə Cianayət Məcəlləsinin 200.4-cü maddələri ilə ittiham olunurlar.

İttihama görə, Bakı şəhər sakinləri Sərxan Bayramovun ötən il dekabrın 23-də, Mustafa Mustafayevin isə dekabrın 24-də “kəskin peroral metil spirti ilə ağır dərəcədə zəhərlənmə” diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olaraq vəfat etmələri, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin isə “alkoqol zəhərlənməsi” diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktları ilə bağlı araşdırma aparılıb.

Aparılmış istintaqla zəhərlənərək vəfat etmiş Sərxan Bayramovun, zəhərlənərək xəsarət almış Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “Baku Voice Rooms”, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Baku City” restoranlarında, vəfat etmiş Mustafa Mustafayevin isə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Everest” restoranında qəbul etdiyi və zəhərlənmələrinə səbəb olmuş “Chivas Regal 12” əmtəə nişanlı spirtli içkilərini “Baku City” restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə “Everest” restoranına Xəyal Cəfərovun ucuz qiymətə satmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı Bakı şəhər Baş Polis İdarəsi, şəhər prokurorluğunun, eləcə də Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən zərər çəkmiş şəxslərin spirtli içki qəbul etdikləri “Baku Voice Rooms”, “Baku City” və “Everest” restoranlarına baxış zamanı qida və içki nümunələri, videomüşahidə kamerasının yaddaş qurğuları, müxtəlif qaimə-fakturalar, eləcə də X.Cəfərovun spirtli içkilər hazırladığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində icarəyə götürdüyü iki mərtəbəli evə baxış zamanı 2 ədəd “Chivas Regal 12” adlı boş viski şüşəsi, 9 ədəd satış üçün nəzərdə tutulmuş qaydada qablaşdırılmış halda “Kremlevskie Kuranti Premium” araqlarının boş şüşələri, 8 ədəd araq və viski spirtli içkilərinin qarışdırılmaqla hazırlanması və sonradan ayrı-ayrı boş şüşələrə doldurulması üçün istifadə edilmiş 5 litr həcmli içərisində araq və viski qalıqları olan plastik qablar, çoxsaylı araq və viski spirtli içki şüşələrinin qapaqları, şüşələrin üzərində vurulan qapaq və etiketlərin bərkidilməsi üçün istifadə edilmiş 4 ədəd hava fen və digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.

Bundan başqa, X.Cəfərovun istehsal etdiyi spirtli içkilərin boş şüşə və qapaqlarını aldığı Səxavəddin Həsənova məxsus Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbara baxış zamanı orada “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli içkilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub.

Bu cinayət işi üzrə istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər