Azərbaycanda istehlakçıları aldatmaqda və digər cinayətlərdə ittiham olunan mağaza və restoran sahibləri, həmçinin işçiləri - Səlim Seyidov, Seymur Qasımov, Vüsal Müseyibzadə, Əzim Hüseynov, Bərxudar Həsənov, Kənan Nəzərov, İsmayıl Məmmədovun barəsində həbs qətimkan tədirinin uzadılması barədə təqdimata baxılıb.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Natavan Tağıyevanın sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.
İstintaq orqanı tərəfindən Səlim Seyidovun barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 200.4-cü (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.
Seymur Qasımzadə və Kənan Nəzərov isə Cinayət Məcəlləsinin 200.4-cü maddəsi ilə ittiham edilir.
Vüsal Müseyibzadə, Əzim Hüseynov və Bərxudar Həsənov isə Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 200.4-cü (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunur.
Digər təqsirləndirilən İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 200.4-cü (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ittiham verilib.
Hazırda bu cinayət işi üzrə istintaq davam edir.