Bakının Nizami rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Namiq Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Azad Məcidovun icraatına verilib. Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, ötən il dekabrın 9-da, gecə saat 00.30-da Nizami rayon Qara Qarayev prospektində 1988-ci il təvəllüdlü Ramal Kazımovun kəsici-deşici alətlə ürəyi və bədəninin digər nahiyələrinə zərbələr endirilərək öldürülməsi faktı barədə polisə məlumat daxil olub.
Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib. İş üzrə məhkəmə-tibbi ekpertiza təyin edilib, eləcə də digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Namiq Səfərov tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Namiq Səfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Namiq Səfərovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan olunub.