Gədəbəy rayonunda həmkəndlisinə xəsarət yetirməkdə ittiham olunan Sitarə Pirverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Sitarə Pirverdiyevanın yaşadığı Musayalı kəndində topladığı otu həmkəndlisi Süsən Mehralıyevanın iribuynuzlu heyvanları yeyib.
Sitarə Pirverdiyevanın əri Əli Əliyev həmin heyvanlardan 2 baş inəyi tövləsinin qarşısına kəndirlə bağlayaraq yiyəsinə verməyib.
Bu səbəbdən Sitarə Pirverdiyeva ilə Süsən Mehralıyeva arasında mübahisə yaranıb. Sitarə Pirverdiyeva əlindəki ağacla Süsən Mehralıyevanı bir neçə dəfə vuraraq, ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Sitarə Pirverdiyevanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Süsən Mehralıyeva bildirib ki, öz təsərrüfatlarına məxsus olan iri buynuzlu heyvanlarını gətirmək üçün meşə sahəsinə gedib: “Uzaqdan gördüm ki, qonşum Əli mənim iki baş iribuynuzlu heyvanımı yaşadığı evini həyətinə aparır. Bu səbəbdən Əlinin həyətinə gəldim. Gördüm, Əli heyvanları başından iplə öz həyətində olan tövlənin qabağına bağlayıb. Heyvanlarımı hansı səbəbdən öz evinin həyətinə aparıb, bağladığını soruşdum.
Əli bildirdi ki, heyvanlarım həmkəndlimiz olan Mehman müəllimin həyətində yığaraq saxladığı ot tayasını dağıdıb, ona ziyan vurub. Ona görə də heyvanlarımı gətirərək öz həyətinə bağlayıb. Əlinin həyətinə gedərək heyvanlarımı açdım və aparmaq istəyərkən Əli, arvadı Sitarə və oğlu Turan məni təhqir etdilər. Aramızda mübahisə yarandı və Sitarə əlindəki ağacla məni bir neçə dəfə vurdu. Sitarənin əlindən çıxaraq oradan qaçdım”.
Zərərçəkmişin sözlərinə görə, evlərinə gəlib və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub, hadisə barədə məlumat verib.
Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Sitarə Pirverdiyeva aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzаsına məhkum edilib.
Hökmdən narazı qalan Sitarə Pirverdiyeva apelyasiya şikayəti verib. O, əməlində cinayət tərkibinin olmadığını qeyd edib və bəraət hökmünün çıxarılmasını istəyib.
Sitarə Pirverdiyevanın şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda Sitarə Pirverdiyevanın şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Sitarə Pirverdiyevanın şikayəti təmin olunmayıb.