Bakının Binəqədi rayonunda ata və oğulu güllələyən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də Rövşən Əliyevə və onun oğlu Ayxana xəsarət yetirib hadisə yerini tərk etmiş Hicran Səfərov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi ov tüfəngi götürülüb.
Qeyd edək ki, hadisə oktyabrın 1-də Binəqədi rayonu A.Gəraybəyli küçəsində qeydə alınıb. Ağdam rayon sakini Hicran Səfərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmyerliləri Rövşən Əliyev və onun oğlu Ayxanı yaralayıb.
Cinayəti törədən şəxs daha sonra hadisə yerindən qaçıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerindən 2 ədəd giliz götürülüb. Hadisə yerinə Binəqədi rayon Polis İdarəsi və prokurorluq əməkdaşları gəlib.
İstintaq zamanı baş verən silahlı insidentin təfərrüatları məlum olub. Hadisə Dərnəgül qəsəbəsində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı binada baş verib. Ağdamdan məcburi köçkün olan Hicran Səfərov ov tüfəngindən atəş açaraq qonşusu, həm də həmyerliləri olan Ayxan və onun atası Rövşəni güllələyib.
Hicran Səfərovun yaxınları bildiriblər ki, qanlı hadisənin təməli bu il iyulun 30-da qoyulub. Həmin gün saat 20 radələrində Hicran Səfərovun oğlu Coşqun bıçaqlanıb. Məlum olub ki, onu qonşuluqda yaşayan Ayxan bıçaqlayıb. Lakin hadisənin baş verməsindən 62 gün keçməsinə baxmayaraq, Ayxan həbs edilməyib. Buna dözməyən Hicran Səfərov da qisas zəminində Ayxanı və onun atasını ov tüfəngindən güllələyib.
Hacı Zeynalov