Bakıda qonşusunu öldürməyə cəhd etməkdə ittiham olunan 1970-ci il təvəllüdlü Mikayıl Babayevin barəsində selimiş həbs qətimkan tədirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Teleqraf.com-un xəbərinə görə, Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanının təqdimatı təmin olunub.
Mikayıl Babayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 aya qədər artırılıb.
İttihama görə, ötən ilin oktyabrında Sabunçu rayonu, Ramana qəsəbəsində Mikayıl Babayev sərxoş vəziyyətdə qonşusu, 1947-ci il təvəllüdlü Teymur Babayevi bıçaqlayıb.
Teymur Babayev xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən Mikayıl Babayev tutulub.
İstintaq orqanı tərəfindən Mikayıl Babayevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) maddələri ilə ittiham elan olunub.
Sabunçu rayon Prokurorluğunda istintaq davam edir.