4 İyun 2020 12:11
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən şəxslərə üç maddə ilə ittiham elan edilib.

Teleqraf.com-un xəbərinə görə, Sabunçu rayon Prokurorluğu tərəfindən 1993-cü il təvəllüdlü Fuad Yusifli və 1992-ci il təvəllüdlü Sadiq Cəlalovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham verilib.

Sabunçu rayon Məhkəməsinin qərarı ilə hər iki təqsirləndirilən şəxsin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Şübhəli şəxs qismində ifadə verən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Onlar hadisəni tamah məqsədilə törətdiklərini deyiblər.

İttihama görə, iyunun 1-də səhər saat 06 radələrində 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun paytaxtın Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi, eləcə də mağazanın seyfindən külli miqdarda pul vəsaitinin oğurlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb.

Aparılmış istintaqla Kürdəxanı qəsəbə sakinləri 1993-cü il təvəllüdlü Fuad Yusifli və 1992-ci il təvəllüdlü Sadiq Cəlalovun qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə giriblər.

Onlar bir qrup şəxs halında özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək iyunun 1-də saat 04 radələrində mağazanın anbar qapısından içəri daxil olublar.

Orada mühafizəçi işləyən Hüseyn Əhmədovu yumruqla zərbələr vurub, habelə əllərini, ayaqların və ağzını yapışqan lentlə (skotçla) bağlayıblar.

Hər iki şəxs Hüseyn Əhmədovu öldürdükdən mağazanın içərəsindəki dəmir seyfdən 51 min 292 manat məbləğində pulu götürüblər.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Fuad Yusifli və Sadiq Cəlalov həbs ediliblər.

Hər iki şəxs müdafiəçinin iştirakı ilə dindirilərkən törətdikləri cinayəti etiraf ediblər, onlardan hadisə zamanı mağazadan götürdükləri vəsaitin 50 min 492 manatı həmçinin, mağazanın mühafizə kameraları üçün quraşdırılmış cihazlar maddi sübut kimi götürülüb.

Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətindəzəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər