4 İyun 2020 12:35
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika polisi Avropa polisi ilə müqayisədə insanlarla daha sərt davranır. Bunun da səbəbi odur ki, ABŞ-da silah sərbəstliyi var. Hər kəs orada istədiyi qədər silah ala bilər. Yəni bu cəmiyyətdə qeydiyyatlı və qeydiyyatsız silah kifayət qədərdir. Ümumiyyətlə, dünyanın ən silahlı cəmiyyəti Amerikadadır.

Bu fikirləri Teleqraf.com-a politoloq Fərhad Mehdiyev ABŞ-da polisin afroamerikalı Corc Floydun öldürlməsindən sonra müşahidə olunan ciddi etiraz aksiyaları haqqında danışarkən deyib.

F.Mehdiyev qeyd edib ki, Amerika cəmiyyətinin, xüsusilə qaradərililərin təhsili çox aşağıdır: “Cəmiyyətin həddən artıq azad, silahlı və təhsilin aşağı olması faktoru birləşəndə ortaya ürəkaçmayan mənzərə çıxır. Məhz bu səbəbdəndir ki, ABŞ-ın cəza sistemi və polis davranışı sərtdir. Hətta ABŞ-da vəkilə ödəniləcək qonarar Avropa ilə müqayisədə daha bahalıdır. İlk olaraq konyukturanı yaxşı dərk etmək lazımdır ki, Flyod olayları zamanı prosesə düzgün qiymət vermək mümkün olsun. ABŞ-da günahsız insanın pulu və vəkili olmasa, böyük ehtimalla həmin şəxs həbsə gedə bilər. Orada sənin vəkilinin olması vacib şərtdir”.

Politoloq əlavə edib ki, ABŞ-da ağır cinayət hadisələri ilə bağlı hüquqi islahatlar inkişaf edir: “Hər kəs ABŞ filmlərinə baxıb. Orada polis hər hansı bir şəxsi həbs edən zaman “Susmaq və vəkil tutmaq hüququn var. Əks təqdirə hərəkətlərin əleyhinə istifadə oluna bilər” xəbərdarlığı edir. Buna Miranda qanunları deyilir. Miranda narkotik taciri idi. Onu həbs edən zaman polis bu xəbərdarlığı etməmişdi. Vəkili buna görə məhkəməyə müraciət etdi və Miranda azadlığa buraxıldı. Sonradan narkotik tacirləri arasında atışmada öldürüldü. Deməyim odur ki, polis ola bilsin ki, qaradərililərə sərt davranır. Amma sosial şəbəkələrə çıxan həmin şəxsin cinayət törədib-törətməməsi deyil, polisin nəzakətdən kənar sərt hərəkətidir. Məsələn, Rusiyada polis, “OMON” adlandırılan qrup insanlarla daha pis rəftar edir, nəinki ABŞ polisi. "OMON" tutduğu şəxsi avtomobildən çıxaran kimi bir-iki dəyənək vurur, sonra üzü üstə yerə uzadır, bəzən üstünə də çıxır. Rusiyada polisin belə davranışını cəmiyyət qəbul edir. Amma ABŞ cəmiyyəti belə sərt davranışı qəbul etmir. Dekokratik cəmiyyət olduğu üçün polisin belə sərt davranışı mediaya sızan kimi ciddi etirazlara səbəb olur. ABŞ-da bundan əvvəl də qaradərili şəxsin güllələnməsi ölkədə ciddi çaxnaşmalara səbəb olmuşdu”.

F.Mehdiyev əlavə edib ki, ABŞ-da afroamerikalılar içərisində ciddi dayanışma var:
“Mən şəxsən bunu dəfələrlə müşahidə etmişəm. Elə partilər olub ki, orada ancaq qaradərili insanlar olub. Ağdərili insanları isə ümumiyyətlə, tədbirə buraxmayıblar. Anlayıram ki, qaradərililərə qarşı uzunmüddətli diskriminasiya olub. Ağlar bu məsələdə günahkardırlar. Bu mənada günahkardırlar ki, qaradərili insanların təhsil alması üçün zamanında tədbir görməyiblər. İnsanlar oxumadığından savadsız qalıblar və bu da onların kriminallaşmasına gətirib çıxarıb. Qaradərililərin üçdə birinin məhkumluğu var. Kişiləri də oxumaq istəmirlər. Qadınlar isə əksinə təhsil almağa maraqlıdır”.

F.Mehdiyevin qənaətincə, son aksiyalara baxmayaraq, ABŞ-da indiyə qədər vəziyyət necə olubsa, bundan sonra da elə olacaq:

“Polislərə tapşırılacaq ki, çalışın belə sərt davranmayın. Amma polis vəziyyətə görə davranır, bilir ki, qarşı tərəfin silahı ola bilər. Bu problemin yaxın müddətdə həll ediləcəyinə inanmıram. Səbəbi də ABŞ-da silah gəzdirmənin sərbəst olmasıdır”.

Fərhad Mehdiyev əlavə edib ki, Floyd hadisəsini siyasi xarakterli olay kimi təqdim etmək doğru deyil:

“Bu hadisə nə siyasi, nə də hüquqi məsələdir. Bu, ictimai məsələdir, sosial problemdir. Amma ABŞ-da polisin sərt davranmasına imkan verən qanun özü də hüquqi problemdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər