Bakıda adam oğurluğu və digər cinayətlərdə ittiham olunan mütəşəkkil dəstənin üzvləri - Emin Əliyev, Asim Quliyev və Fərid Əliyevin barəsiundə seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Hər üç təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha bir aya qədər artırılıb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək), 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.5-ci (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.3-cü (zor tətbiq etmə ilə hədə-qorxu yolu ilə tələb etmə), Emin Əliyevin barəsində isə Cinayət Məcəlləsinin 144.2.3, 144.2.6, 144.2.5, 182.2.4, 182.2.3, 182.2.1, 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək), 177.2.2-ci (təkrar oğurluq törətmək və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.
İttihama görə, ötən ilin mayında Bakının Nizami rayonunda 41 yaşlı paytaxt sakini Yasin Bəxtiyarov oğurlanıb.
Bildirilir ki, hadisə borc üstündə olub.
Yasin Bəxtiyarovu borclu olduğu şəxslər oğurlayıblar. Onun həmin şəxslərə 10 min manat məbləğində borcu olub.
Oğurlanan şəxsin anası Səbirə Bəxtiyarova polisə müraciət edərək oğlunun mayın 28-də Şərifli küçəsində oğurlandığını deyib.
Üç silahlı şəxs onu avtomobilə oturdaraq naməlum istiqamətə aparıb. Onlar borclunun anasından 10 min manat tələb ediblər. Qadın cinayətkarlara yalnız 8000 manat verə bilib.
Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Emin Əliyev və Asim Quliyev həbs edilib. Girovda saxlanılan Yasin Bəxtiyarov azad edilib.
Məlum olub ki, saxlanılan şəxslər Yasin Bəxtiyarovun anası Səbirə Bəxtiyarovla telefon vasitəsi ilə əlaqə saxlayılbar. Oğlunun buraxılması müqabilində anadan pul tələb ediblər.
Bu səbəbdən Səbirə Bəxtiyarova da oğlu ilə birlikdə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq araşdırması zamanı dəstə üzvlərinin daha bir neçə oğurluq faktı üzə çıxıb.
Belə ki, onlar Ceyhun Seyidov, Rəfi Əliyev və Rəfail Kərimlinin oğurlayaraq, onların ailə üzvlərindən pul aldıqdan sonra hər üç şəxsi sərbəst buraxıblar.
Qeyd edək ki, bu ilin yanvarında Asim Quliyev və Emin Əliyevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan hazırlıq iclasında dəstənin daha bir üzvünün olduğu, həmin şəxsin məsuliyyətdən kənarda qaldığı məlum olub.
Bu səbəbdən cinayət işi prokurora qaytarılıb.
Yenidən başlanan istitaq hərəkətlərindən sonra Fərid Əliyev də məsuliyyətə cəlb olunub.
Hazırda istintaq davam edir.