14 İyun 2020 11:57
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həyat yoldaşının intiharı ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Dilqəm Umudovun barəsindəki hökmdən verilən apelyasiya şikayətləri və protestinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin barəsində cəzanın ağırlaşdırılması ilə bağlı prokurorun verdiyi apelyasiya protesti araşdırılıb.

Prokuror Binəqədi rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, Dilqəm Umudovun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittihamedici hökm çıxarılmasını istəyib.

Daha sonra təqsirləndirilən şəxs Dilqəm Umudovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə də bəraət verilməsini istəyib.

Hakim heyəti həm prokurorun protestini, həm də təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlillərini araşdırıb, sonda qərar elan edilib.

Prokurorun protesti, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib, Binəqədi rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsi Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə Dilqəm Umudova bəraət verib.

Hökmə əsasən, Dilqəm Umudov Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, hadisə 2019-cu ilin oktyabr ayında baş verib.

Bakı şəhər sakini Leyla Umudova özünə qəsd etməsi nəticəsində dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı Leyla Umudova ərinin işgəncələrinə dözməyərək, intihar etməsi nəticəsinə gəlinib.

Amma bu fakt məhkəmə tərəfindən sübuta yetirilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər