Qubada kafedə cinayət törətməkdə ittiham olunan 1955-ci il təvəllüdlü Rauf Muradovu cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Səbuhi Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin yanvarın 14-də, saat 16 radələrində Quba rayonunun Birinci Nügədi kəndində 1955-ci il təvəllüdlü Rauf Muradov “Əfsan” şadlıq sarayının tərkibində olan kafeyə sərxoş vəziyyətdə gəlib. O, əvvəllər aralarında ədavət olan 1962-ci il təvəllüdlü Nəbi Şəfiyevin qarşısından keçərkən yerə tüpürüb və stulda əyləşib.
Daha sonra üzərində gəzdirdiyi cib bıçağı ilə Nəbi Şəfiyevin boyun nahiyəsindən zərbə endirib.
Quba rayon xəstəxanasına yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Rauf Muradovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.