Sabirabad rayon prokurorluğu Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində itkin düşən şəxsin meyiti tapılması ilə bağlı məlumat yayıb.
Teleqraf.com Prokurorluğa istinadla xəbər verir ki, iyunun 18-də saat 17 radələrində Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Emil Məmmədovun çimərkən boğularaq ölməsi və meyitin itkin düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
E.Məmmədovun meyitinin aşkar edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin Muğan dalğıc-axtarış qrupu tərəfindən dərhal axtarışlara başlanılıb, bu gün meyit aşkar edilərək müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.