22 İyun 2020 12:30
2 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda odlu silahdan açdığı atəşlə qonşusunu öldürməyə cəhd etməkdə ittiham olunan 1962-ci il təvəllüdlü Adil Beybudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Samux Suvarma Sistemləri idarəsinin balansında olan və rayonun Qarabağlar kəndində yerləşən subartezian quyusundan kənd əhalisinin əkin sahələrinə növbə ilə su verilməsi həvalə olunmuş Elsevər Qurbanov Adil Beybudova suyun elektrik enerjisinin sərfiyyat haqqını ödəmədiyi deyib.

O, tələb olunan pulu vermədiyi üçün Adil Beybudovun əkin sahəsinə su verməkdən imtina edib.

Bu səbəbdən Adil Beybudov Elsevər Qurbanovu öldürmək qərarına gəlib. O, qanunsuz saxladığı odlu silahla silahlanıb və subartezian quyusunun Samux rayonunun Qarabağlar kəndində yerləşdiyi yerə gəlib.

Adil Beybudov ondan 168 metr aralı məsafədə olan Elsevər Qurbanovu həmin ərazidə özünə məxsus torpaq sahəsində, yardımçı tikilinin qarşısında ailə üzvləri – oğlu Hüseyn Qurbanov, qardaşı Eldəniz Qurbanov və qardaşı oğlu Oruc Qurbanovun ilə bir yerdə dayandığını görüb.

O, Elsevər Qurbanova adları sadalanan ailə üzvlərinin və həmin vaxt yardımçı tikilidə olmuş Elsevər Kazımov, Cavanşir Namazov və Rəhman Məmmədovun həyatı üçün ümumi təhlükə olmasına baxmayaraq özündəki odlu silahdan 4-5 dəfə atəş açıb.

Lakin Elsevər Qurbanov cəld hərəkət edərək atılan güllələrdən yayınıb, yanında olan şəxslərlə birlikdə yardımçı tikiliyə daxil olaraq gizlənib.

Bu səbəbdən Adil Beybudov öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib.

Bundan başqa, atılan güllələrdən biri hadisə yerində yardımçı tikilinin içərisində olmuş və atəş səsinə çölə çıxan Elsevər Kazımovun boynunun sol nahiyəsinə dəyib, ona xəsarət yetirilib.

İstintaq orqanı tərəfindən Adil Beybudovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil Beybudov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, onun 5,4 mm kalibrli silahı olmayıb: “Mənim ov tüfəngim var, və 20 mm kalibrli həmin tüfəngdən atəş açmışam. Atəş açarkən istifadə etdiyim patronun içərisində kortec olub, silahdan cəmi bir dəfə atəş açmışam. Hadisə belə baş verib ki, Elsevər Qurbanov mütəmadi olaraq mənim əkin sahəmə verilən suyu kəsib, bu səbəbdən ona qarşı əsəbi olmuşam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü Elsevərlə telefonda söyüşüb: “Elsevər məni təhqir etdi, heç vaxt su verməyəcəyini bildirdi. Ona gözləməyi dedim, artezianda məsələni həll edəcəyimi söylədim. Sonuncu yenə də telefonda məni təhqir etdi. Mən də əsəbləşdim, evimdə saxladığım ov tüfəngini də götürərək arteziana getdim. Elsevəri orada tapmadım. Ona zəng etdim, harada olduğunu soruşdum. Arteziandan aralıda, yardım tikilidə olduğunu bildirdi.

Elsevərin məni vura biləcəyini düşündüm, onun olduğu istiqamətə bir dəfə atəş açdım. Daha sonra atdığım patronun gilizini də götürərək oradan uzaqlaşdım”. Adil Beybudov qeyd edib ki, Elsevərə atəş açarkən o, tikilinin girəcəyində tək olub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adil Beybudov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Adil Beybudov apelyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə bəraət verilməsini, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə isə təqsirli bilinməyinə dair yeni ittiham hökmü çıxarılmasını xahiş edib.

Şikayət araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayət qismən təmin edilib.

Adil Beybudovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.3 və 29,120.2.4-cü maddələri həmin məcəllənin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.

O, Cinayət Məcəlləsinin 29,120.1, 128 və 228.1-ci maddələri ilə təqsirli bilinib və barəsində 9 il 6 ay müddətinə cəza saxlanılıb.


Müəllif: Hacı Zeynalov