Volqoqradın Mərkəzi Rayon Məhkəməsi şəhərin Tibb Universitetinin xarici tələbəsi - 17 yaşlı Azərbaycan vətəndaşı Timur Qavrilovun qətlində ittiham edilən Vitali Vasilyev barəsində həbs qərarı çıxarıb.
“Report” xəbər verir ki, bu barədə TASS-a Volqoqrad əyaləti məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Ekaterina Valkovskaya bildirib.
Vasilyev barəsində avqustun 21-ə qədər - iki aylıq həbs qərarı çıxarılıb. Ona qarşı qətl maddəsi üzrə ittiham irəli sürülüb.
Xatırladaq ki, iyunun 13-də Volqoqradın mərkəzində yerli tibbi universitetinin 17 yaşlı xarici tələbəsi, Azərbaycan vətəndaşı Timur Qavrilovun meyiti aşkar edilmişdi. Məlum olub ki, tələbə bədəninin müxtəlif hissələrinə vurulan bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Nəticədə o, hadisə yerində ölüb.
İyunun 13-də Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan vətəndaşı Timur Valeri oğlu Qavrilovun qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs 1998-ci il təvəllüdlü Volqoqrad sakini Vitali Vasilyev saxlanılıb.
Qatil cinayəti törətdikdən sonra Smolenskə gedib. V.Vasilyev ölkəni tərk etmək niyyətində olub.
Daha əvvəl Volqoqrad vilayəti qubernatoru Andrey Boçarov qətli törədən şəxsin axtarışına kömək müqabilində 1 milyon rubl (14 340 ABŞ dolları) mükafat vəd edib.