Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şaməddin Cəfərovun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Şaməddin Cəfərovun əməlində cinayət cinayət tərkibi olmadığı üçün barəsində bəraət qərarı çıxarılıb. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı şəhər sakini Şaməddin Cəfərovun idarə etdiyi "Daewoo" markalı 208 saylı xətt avtobusu paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi MAN markalı məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub.
Nəticədə yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində ölüb.
Qəzadan sonra sərnişin avtobusunun sürücüsü Şaməddin Cəfərov hadisə yerindən yayınıb.
Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə, sürücülük vəqisəsinin belə olmadığı məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şaməddin Cəfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.