Bakının Suraxanı rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Teymur Ramazanovun barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Teymur Ramazanovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, iyunun 21-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1968-ci il təvəllüdlü Teyyub Ramazanovun üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evdə aşkar olunub. Dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.
İstintaqla hadisənin zərərçəkmişin qardaşı 1976-cı il təvəllüdlü Teymur Ramazanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Teymur Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İstintaq orqanı tərəfindən Teymur Ramazanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Suraxanı rayon Prokurorluğunda istintaq tədbirləri davam etdirilir.