Masallı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş F.Abbasov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Lənkəran rayon sakini A.Qafarov da saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun evindən 3 kiloqram 145 qram marixuana, 8 qramdan artıq heroin və 6 qrama yaxın metamfetamin aşkar edilib.
Bundan başqa, Yevlax rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Köyük kənd sakini F.İbrahimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu və 11 qramdan artıq marixuana aşkar edilib.
Daha bir əməliyyat Sabirabad rayonunda keçirilib.
Sabirabad rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəmli kənd sakini M.Mirzəlinin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu aşkar edilib.
Oxşar əməliyyat Salyanda da keçirilib.
Salyan rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini N.Səmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 410 qram marixuana aşkar edilib.
Bundan başqa, Salyan rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Peyk kənd sakini H.Fərəcovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi və 8 ədəd patron aşkar edilərək götürülüb.