30 İyun 2020 12:40
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qətl və bir neçə ağır cinayət törətməkdə ittiham olunan “Əmioğlu” ləqəbli Eldar Cabbarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimtına baxılıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Eldar Cabbarovun barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 aya qədər uzadılıb.

İttihama görə, bu ilin fevralın sonunda Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə ağır cinayət törədərək istintaqdan yayınan və barəsində axtarış elan edilən “Əmioğlu” ləqəbli Eldar Cabbarov tutulub.

Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, Eldar Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun “Mersedes” markalı avtomobilini və həmin nəqliyyat vasitəsinin yük yerində olan 4350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb.

Sumqayıt şəhər Polis İdarəsində Eldar Cabbarovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun bu ilin fevralın 22-dən Sumqayıt şəhəri ərazisindən idarə etdiyi “Mersedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən edilib.

Eldar Cabbarov həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədi ilə meyiti Abşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb.

Polis əməkdaşları tərəfindən meyitin yeri müəyyən edilərək eksqumasiya edilib.

Eldar Cabbarov qətli törədən zaman istifadə etdiyi “Makarov” markalı odlu silahı patronları ilə birgə polis əməkdaşlarına təhvil verib.

Qeyd edək ki, Eldar Cabarov əvvəllər Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 145.2-ci (təkrar qanunsuz azadlıqdan məhrum etmə), 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 226.1-ci (köhnə redaksiyada), 221.3-cü (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə dəfələrlə məhkum olunub.

İstintaq orqanı tərəfindən Eldar Cabbarovun barəsində hazırda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi üzrə istintaq davam edir.


Müəllif: Hacı Zeynalov