Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Aidə Rzayeva və Zəminə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Aidə Rzayeva və Mingəçevir şəhər sakini, 1977-ci il təvəllüdlü Zəminə Məmmədova qadınları cinsi istismara məruz qoymaq barədə razılığa gəliblər.
Onlar Məlahət Abbasova ilə 2014-cü ilin sentyabrın ortalarında Gəncə şəhərində olan evində görüşüblər, onu (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) Türkiyədə yüksək maaşlı işlə təmin etmək adı ilə aldadıblar.
Daha sonra qadını oktyabrın 30-da Sədərək sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin İqdır şəhərinə aparıblar.
Aralarında olan sövdələşməyə əsasən Zəminə Məmmədova Məlahət Abbasovanı orada qarşılayıb, ona məxsus ümumvətəndaş pasportunu alaraq özündə saxlayıb. Daha sonra onu həmin şəhərdə yerləşən “Şahmeran” hotelində tanışı olan kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb.
Bundan başqa, dəstə üzvləri Gəncə şəhərində yaşayan Sədaqət Vəliyevaya da hədə-qorxu gəlməklə ayrı-ayrı vaxtlarda (2009 və 2010) iki dəfə Türkiyəyə aparıblar, orada cinsi istismara məruz qoyublar.
Zəminə Məmmədova Türkiyənin Ağrı şəhərində kirayə tutduğu evdə və müxtəlif ünvanlarda qadını tanışı olan kişi müştərilərlə pul müqabilində görüşdürüb və onu cinsi əlaqəyə məcbur edib.
Zəminə Məmmədova və Aidə Rzayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.
“Bilirdim ki, qadınları nəzarəti altında fahişəliyə cəlb edir”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aidə Rzayeva bildirib ki, 2014-cü ilin iyun ayında Zəminə onun telefon nömrəsinə zəng vurub:
“Zəminə dedi ki, kirayə qaldığı evi təhvil verib, Gəncədə mənim evimdə qalacaq. Evimdə qaldığı müddətdə onu Məlahətlə tanış etdim. Məlahət heç bir yerdə işləmədiyinə görə maddi durumu çətin idi. Mən də Zəminənin yanına gedərək onu düzəltməsini istədim.
Məlahətə də dedim ki, Zəminənin əlaqələri genişdir, sənə yaxşı iş tapar və bu çətin maddi durumundan canını qurtarar. Sonra Məlahət ilə Zəminə özləri söhbət etdilər.
Məlahət Zəminəyə bildirdi ki, pasport və təyyarə bileti almağa pulu yoxdur. Zəminə də ona dedi ki, borc tap, bir təhər pasportla bilet al, mən sənə Türkiyədə pul verəcəm, borcunu qaytararsan. Məlahət getməyə tərəddüd edirdi ki, görəsən orada nə iş olacaq.
Mən bilirdim ki, Zəminə Türkiyədə qadınları nəzarəti altında fahişəliyə cəlb edir və onu da fahişəliklə məşğul olmağa məcbur edəcək. Lakin bu barədə Məlahətə bildirmədim. Ona görə ki, desəydim, getməzdi”.
“Türkiyəyə gedəndə uşaqları mənim evimdə qalırdı”
Təqsirləndirilən şəxs daha sonra ifadəsində deyib: “Zəminə təxminən 2 aya yaxın mənim evimdə qaldı və sonra 2014-cü ilin sentyabr ayının axırı Türkiyəyə getdi. Dedi ki, qaçaq yolla gedəcək, çünki pasportunda deport var.
Məlahətə izah etdim ki, Zəminə gedib, Türkiyədən sənə zəng vuracaq, ona kimi pasport məsələsini həll et. Ona bildirdim ki, narahat olma, Zəminə orada bütün məsələləri həll edəcək. Təxminən bir neçə gündən sonra Məlahət mənə dedi ki, Zəminə ona zəng vurub və İqdır şəhərinə gəlməsini istəyib. Ancaq pulunun olmadığını dedi, mən də ona məsləhət gördüm ki, pul tap, get. Orada Zəminə sənə kömək edəcək.
Bir neçə gündən sonra Məlahət mənə dedi ki, pasportu düzəldib, indi Bakı şəhərinə gedib oradan təyyarə ilə Naxçıvana, oradan da İqdıra gedəcək. Bu marşrut üzrə getməyi ona Zəminə bildirib. Onun İqdıra gedib-gəlməsindən sonra ondan heç bir məlumatım olmayıb. Onu da bilirdim ki, Zəminə fahişəliklə məşğul olmaq üçün Türkiyəyə çox qızlar aparıb. Onlar Gəncəyə gələndə mənim evimdə qalırdılar. Özləri Türkiyəyə gedəndə uşaqları mənim evimdə qalırdı”.
“Pulu fahişəliklə məşğul olub qaytara biləcəyimi bildirdi”
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Sədaqət Vəliyeva bildirib ki, 2009-cu ilin təxminən noyabr ayında onun maddi vəziyyəti ağır olduğundan özünə iş axtarıb: “Həmin vaxtlar Zəminə ilə də münasibətim vardı. İş axtardığımı bildiyi üçün mənimlə söhbət etdi, Türkiyəyə öz yanına aparmağı təklif etdi. Türkiyədə hansı işlə məşğul olacağımı soruşdum. Yüksək maaşlı işdə işləyəcəyimi, maddi ehtiyaclarımı ödəyə biləcəyimi dedi. Məndən pasportumun olub-olmadığını soruşdu. Pulum olmadığından Zəminə özü mənə yol bileti alacağını dedi”.
Sədaqət Vəliyevanın sözlərinə görə, Zəminə ona yol bileti alıb və birlikdə 1 dekabr 2009-cu il tarixdə Gəncə hava limanından Naxçıvana, oradan isə taksi ilə dövlət sərhədini Sədərək sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Ağrı şəhərinə gedib:
“Zəminə mənimlə birlikdə kirayə ev tutdu, orada qalmağa başladıq. Həmin evdə ikimiz yaşamışıq. Evdə yerləşdikdən sonra Zəminə mənə işimin onun nəzarəti altında fahişəliklə məşğul olmaqdan ibarət olacağını dedi. Ona etiraz etdikdə, mənə görə xeyli xərc çəkdiyini, imkanım olmadığı üçün də həmin pulu yalnız fahişəliklə məşğul olmaqla qazanıb qaytara biləcəyimi bildirdi”.
“Dağıstandan olan qadınları da...”
Sədaqət Vəliyevanın ifadəsinə görə, Zəminənin hədə-qorxu gəlməsi nəticəsində fahişəliklə məşğul olmağa məcbur olub: “Mən məcburiyyət qarşısında qalaraq Zəminə ilə razılaşdım. Bundan sonra özünün tanış kişi müştəriləri ilə pul müqabilində məni görüşdürməyə başladı. O, müştərilərdən əldə edilən gəlirin yarısını mənə verirdi. Ancaq müştərilərdən nə qədər pul aldığını bilməmişəm. Mənə çatan pul isə 5-10 manat olurdu.
Zəminə məni müxtəlif ünvanlara aparır, öz nəzarətindən kənar heç bir yerə getməyimə icazə vermirdi. O, öz nəzarəti altında Dağıstandan olan qadınları da işlədirdi”.
Zərərçəkmiş ifadəsində göstərib ki, dekabrın 24-də Azərbaycana qayıdıb: “Zəminə özü məni yola saldı, bir gündən sonra özünün də Azərbaycana gələcəyini, heç bir artıq-əskik hərəkət etməməyi, əks halda başıma oyun açacağını, fahişəliklə məşğul olduğunu yaxın qohumlarıma bildirəcəyini dedi”.
“Çarəsiz qalaraq dilənməyə başladım”
Sədaqət Vəliyevanın sözlərinə görə, növbəti dəfə Zəminə onunla əlaqə saxlayıb və 15 yanvar 2010-cu il tarixdə Türkiyəyə gedəcəyini, həmin tarixə hazır olmağını tapşırıb:
“Mən də çarəsiz qaldım və Zəminənin hədəsindən qorxaraq razılaşdım. Zəminə məni qaldığım evdən götürərək dövlət sərhədini Sədərəkdən keçirməklə Ağrı şəhərinə apardı. Əvvəlki kimi mən və Zəminə bir mənzildə qalırdıq. Məni yenidən öz tanış kişi müştəriləri ilə görüşdürməyə, cinsi əlaqədə olmağımı təşkil etməyə başladı. Müştərilərə məni Zəminə təqdim edirdi. Müştəri ilə cinsi əlaqədə olduqdan sonra məni götürüb, müştəridən pulu özü alır, mənə də az miqdarda pul verirdi.
Təxminən 10-12 gün sonra Zəminənin qızı rəhmətə getdiyindən Azərbaycana qayıtmalı oldu. Mən isə orada qaldım. Zəminə məni tək Türkiyədə qoydu, özü Azərbaycana qayıtdı. Orada tənha nə edəcəyini bilmədim. Çarəsiz qalaraq dilənməyə başladım. Zəminənin yanında olan dağıstanlı qadınlar mənə kömək etdi, bir neçə gün sonra həmin qadınların yığdıqları pul hesabına özümə yol pulu topladım. Fevralın 12-də Azərbaycana qayıtdım.
Bundan sonra Zəminə ilə bütün əlaqələrimi kəsdim. O, mənimlə arada bir əlaqə saxlayıb barəsində şikayət etməməyi, şikayət edəcəyim halda başıma oyun açacağı ilə hədələyirdi”.
Sədaqət Vəliyeva qeyd edib ki, 2015-ci ilin mart ayının əvvəllərində tanışlarından Zəminənin Türkiyəyə getdiyini, uzun müddətdir gəlmədiyini eşidib: “Buna görə də özümdə güc toplayaraq İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə getdim. Zəminə Məmmədova barəsində ərizə yazdım”.
“Məni döyüb, pis vəziyyətə salacağını bildirdi”
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Məlahət Abbasova bildirib ki, 2014-cü ilin sentyabr ayının ortalarında Aidə yaşadığı evin şəhər telefonundan onun kirayədə qaldığı evin telefonuna zəng edib: “Aidə mənimlə görüşmək istədiyini, Zəminə adlı qadınla bir yerdə olduğunu dedi. Mən telefonda Zəminənin kim olduğunu soruşdum. Aidə onun Türkiyəyə tez-tez gedib-gələn, orada yaxşı maaşlı işdə işləyən, restoranlarda müğənnilik edən qadın olduğunu, məni Zəminə ilə tanış etmək istədiyini bildirdi.
Aidənin yaşadığı Gəncə şəhəri, Nəriman Nərimanov küçəsindəki evinə gəldim. Həmin vaxt Zəminə də onunla idi.
Aidə Zəminənin Türkiyədə işlədiyi restoranda yaxşı maaşlı işlə təmin etmək məqsədilə məni çağırdıqlarını bildirdi. Söhbət zamanı Türkiyəyə getməyə yol bileti və pasport almağa pulumun olmadığını dedim. Aidə bir qədər borc pul düzəldərək Türkiyəyə getməyi, qayıdanda orada qazandığı pullarla həmin borcları ödəyəcəyimi söylədi. Mən də razılaşdım.
Gəncə şəhərində yerləşən “Asan xidmət” mərkəzinə müraciət etdim. Oktyabrın 17-də ümumvətəndaş pasportu aldım. Oktyabrın 30-da dövlət sərhədini Sədərək sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə taksi ilə birbaşa Türkiyənin İqdır şəhərinə getdim. Zəminə mehmanxananın qarşısında məni qarşıladı və həmin mehmanxananın üçüncü mərtəbəsində yerləşən otağa apardı. Əl çantamı götürdü, həmin əl çantamda mənə məxsus pasport, şəxsiyyət vəsiqəsi və mobil telefonum vardı. Mənim də gördüyüm qadınlar kimi fahişəliklə məşğul olub, pul qazanmalı olduğumu bildirdi. Etiraz etməki istədikdə kobud şəkildə qolumdan tutaraq artıq-əskik hərəkət edəcəyim halda məni orada döyüb, pis vəziyyətə salacağını söylədi”.
“Bir gecədə 8-10 kişi ilə görüşdürdü”
Məlahət Abbasovanın sözlərinə görə, həmin günün axşamı, yəni 31 oktyabr 2014-cü il tarixdə axşam saatlarında Zəminə onu həmin otaqda tanımadığı 8-10 kişi müştəri ilə görüşdürüb: “Lakin həmin gün mənə pul vermədi. Şəxsiyyət vəsiqəmi, pasportumu və mobil telefonumu da qaytarmadı. Noyabrın 1-də Zəminə yenidən gün ərzində məni 8-10 kişi müştəri ilə görüşdürdü. Bundan sonra Zəminə ilə danışarkən, mənə məxsus sənədləri, mobil telefonu qaytarmağı, ailəm ilə əlaqə saxlamaq istədiyimi bildirdim. O da acıqlanaraq məni bərk döydü, halsız vəziyyətə düşdüm. Bir qədər sonra özümə gəldim.
Zəminə məni otaqdan çıxardı və mehmanxanada tanımadığım qaranlıq otağa apardı. Məni həmin otağa saldı, qapısını bağladı. Bundan sonra müştərilərlə məni həmin otaqda görüşdürdü. Yalnız yeməyimi və suyumu verirdi, qalan vaxtlarda isə otağın qapısı bağlı olurdu”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zəminə Məmmədova 9 il, Aidə Rzayeva isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.
Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Gəncə Apelyasiya Məhkəməsi apelyasiya şikayətlərini təmin etməyib.
Bu qərardan narazı qalan hər iki qadın kasasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə Aidə Rzayevanın kasasiya şikayəti qismən təmin edilib. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilib. Aidə Rzayevanın cəzası 8 ilə endirilib.
Zəminə Məmmədovanın isə kasasiya şikayəti təmin edilməyib.