8 İyul 2020 12:55
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zaminbank” ASC-nin Müşahidə şurasının sabiq sədri Nadir İsmayılovun barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com-un xəbərinə görə, Binəqədi rayon Məhkəməsinin qərarı ilə istintaq orqanını təqdimatı təmin oluub və Nadir İsmayılovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu qərardan narazı qalan Nadir İsmayılov apelyasiya şikayəti verib. O, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abasovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar verilib.

Qərara görə, Nadir İsmayılovun şikayəti təmin olunmayıb.

İttihama görə, “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri nəticəsində özgə əmlakını külli miqdarda ələ keçirmələri və digər faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə hazırda ləğv edilmiş “Zaminbank” ASC-nin Müşahidə şurasının sabiq sədri Nadir İsmayılovun işlədiyi dövr ərzində müxtəlif korrupsiya sxemlərindən istifadə etməklə fiziki və hüquqi şəxslərin adına ayrılan 16 milyon manatdan artıq məbləğdə ASC-yə məxsus kredit vəsaitini bankın digər vəzifəli şəxslərin köməkçiliyi ilə külli miqdarda ziyan vurub mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqla, həmçinin, Nadir İsmayılovun bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə edərək bankın Bakı filialının müdiri vəzifəsində işləmiş Şirinov Elşən Nizami oğluna məxsus 145 min manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

İstintaq orqanı tərəfindən Nadir İsmayılovun barəsində Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunub.

Qeyd edilən qanunsuz əməllər nəticəsində dövlətə və vətəndaşlara vurulan mühum ziyanın ödənilməsini təmin etmək məqsədi ilə Nadir İsmayılova məxsus əmlakların aşkar edilməsi istiqamətində, habelə göstərilən cinayətdə iştirak etmiş digər şəxslərin dairəsinin müəyyən edilməsindən ötrü intensiv və zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov