14 İyul 2020 09:55
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fakt Araşdırıcı-N” MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, “Fakt Araşdırıcı-N” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, Zeynal Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilib.

İstintaq orqanı tərəfindən Zeynal Məmmədovun barəsində Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov