15 İyul 2020 13:31
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə baş tuta iclasda Faiq Bağırovun şikayəti təmin edilməyib.

Xatırladaq ki, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyevin barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayətinə sabah baxılacaq.

Şikayətə hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Faiq Bağırov və İlqar Əliyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Mollazadə, Faiq Bağırov və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib.

Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub.

Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov