Bakıda taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirli bilinən Tehran Güləliyev və Elşad Paşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu il yanvarın 27-də, gecə saatlarında Yasamal rayonunda 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Xəqani Səfərovun baş nahiyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Chevrolet” markalı avtomobilin ələ keçirilməsi ilə bağlı 102- Zəng Mərkəzinə müraciət daxil olub.
Daxil olan müraciət əsasında Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Yasamal rayon Polis İdarəsi və 29-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Siyəzən rayon sakinləri, əvvəllər məhkum olunmuş Tehran Güləliyev və yetkinlik yaşına çatmayan Elşad Paşayev gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar.
İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.